Netanyahu BƏƏ-yə gizli səfər edib və ölkə prezidenti ilə görüşüb

Netanyahu BƏƏ-yə gizli səfər edib və ölkə prezidenti ilə görüşüb

14:47
Bəyəndim (1) Bəyənmədim (0)

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 27-də, Əbu-Dabiyə gizli səfər edərək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Oxuməni.az xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı mənbələrinə istinadən məlumat yayıb.

“Dünən (bazar günü) Baş nazir Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayedlə görüşüb”, – deyə telekanalın məlumatında bildirilir.

Telekanalın həmsöhbətlərinin sözlərinə görə, Netanyahu BƏƏ-yə şəxsi təyyarə ilə gəlib. Onunla birlikdə bir neçə təyyarədə nümayəndə heyəti də Əbu-Dabiyə yollanıb. Baş nazir ölkədə təxminən dörd saat qalıb və həmin gün axşam İsrailə qayıdıb.

N12-nin məlumatına görə, görüş əsasən qapalı formatda, təkbətək keçirilib. İsrail Baş nazirinin dəftərxanası danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

Netanyahunun səfəri onun 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan əvvəl Məhəmməd bin Zayedlə telefon danışığı apardığına dair məlumatların yayıldığı bir vaxta təsadüf edib. Bu barədə daha əvvəl “Haaretz” qəzeti “Hostages: 843 Days of Abandonment” kitabının əsasını təşkil edən araşdırmaya istinadən məlumat vermişdi.

Nəşrin məlumatına görə, telefon danışığı zamanı BƏƏ prezidenti Netanyahunu Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvarın (2024-cü ilin oktyabrında İsrail hərbçiləri tərəfindən öldürülüb) genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdar edib. Bin Zayed İsrailin baş nazirini əldə etdiyi məlumatlara ciddi yanaşmağa çağırıb.

Lakin “Haaretz” qəzetinin iddiasına görə, Netanyahu xəbərdarlığa “nisbətən sakit” reaksiya verib. O, öz qiymətləndirməsinə əsasən, HƏMAS-ın İordan çayının qərb sahilində fəaliyyət göstərmək niyyətində olduğunu bildirib və BƏƏ prezidentini İsrailin istənilən ssenariyə hazır olduğuna əmin edib.

Netanyahunun dəftərxanası isə öz növbəsində telefon danışığı ilə bağlı məlumatları təkzib edib və “Haaretz” qəzetinin istinad etdiyi araşdırmanı “tamamilə yalan” adlandırıb. Dəftərxanadan bildirilib ki, baş nazir qeyd olunan dövrdə BƏƏ prezidenti ilə danışmayıb və ondan heç bir xəbərdarlıq almayıb.

Almaz Həsənli