Terrorizmi maliyyələşdirməkdə ittiham olunan Özbəkistan vətəndaşı ABŞ-a ekstradisiya edilib
Özbəkistan və ABŞ vətəndaşı Davud Ənsari Tbilisidən Nyu-Yorka ekstradisiya edilib. Prokurorların sözlərinə görə, o, Bruklində terror təşkilatlarını dəstəkləmək üçün vəsait toplayan bir şəbəkəyə rəhbərlik edib.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Kozimjon Qafurov" və "Kozim" kimi tanınan Özbəkistan və ABŞ vətəndaşı Davud Ənsari 2026-cı ilin avqust ayında saxlanıldığı Tbilisidən Nyu-Yorka ekstradisiya edilib.
"On il qaçaqda qaldıqdan sonra Ənsari dünyanın ən amansız iki terrorçu qrupunu - İŞİD və "Ən-Nusra Cəbhəsini" dəstəkləmək ittihamları ilə üzləşmək üçün ABŞ-a qayıdıb", - deyə Milli Təhlükəsizlik üzrə Baş Prokurorun köməkçisi Con Eyzenberq bildirib.
"İttihamnaməyə görə, Ənsari bu xarici terror təşkilatları üçün döyüşmək istəyən şəxslər üçün vəsait toplayan, səyahət təşkil edən və yaşayış yeri təmin edən bir şəbəkə idarə edib", - deyə o əlavə edib.
Məhkəmə sənədlərində iddia olunur ki, Ənsari əsasən Nyu-Yorkun Bruklin şəhərində fəaliyyət göstərən radikallaşmış şəxslər qrupuna rəhbərlik edib. Qrup üzvləri terrorçu sıralarına qoşulmaq üçün Suriyaya səyahət etməyi və ya yaraqlı olmaq istəyənlər üçün səyahət maliyyələşdirməyi planlaşdırıblar.
"Şəbəkə üzvləri öz qruplarını "çayxana" adlandırıblar." Qrup Suriyaya gedən yaraqlıların ailələrini dəstəkləmək, eləcə də döyüşlərdə həlak olanların dul qadınlarına və ailələrinə kömək etmək üçün vəsait toplayıb. Bu "çay süfrələri" vasitəsilə Ənsari və digərləri 2013-cü ildə ən azı üç nəfərin Suriyaya səfərlərini maliyyələşdiriblər. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, hər üç nəfərin Suriyada öldüyü bildirilir.
2016-cı ilin may ayında Ənsari ABŞ-dan Türkiyəyə uçub. O, əlbirlərindən birinin həbsindən beş gün sonra ABŞ-ı tərk edib və o vaxtdan bəri qaçıb.
"New York Post" qəzetinin məlumatına görə, Ənsari sentyabrın 24-də Bruklin federal məhkəməsində çıxış edib. O, iki maddə ilə ittiham olunur: maddi dəstək vermək üçün sui-qəsd və İŞİD və "Ən-Nusra Cəbhəsi"nə maddi dəstək vermək.
Məhkəmə onu girovsuz həbsdə saxlayıb. Əgər günahkar bilinərsə, Ənsari maksimum 35 il həbs cəzası ilə üzləşə bilər.
Əziz MUSTAFA




















































































