F-35 qırıcısının bəzi komponentləri Çinin əlinə keçib
Çin ABŞ-ın F-35 beşinci nəsil “görünməz” qırıcısının kritik əhəmiyyət daşıyan detallarını əldə edib. Bu detallar Avstraliyadan ABŞ-a daşınarkən naməlum səbəbdən Honkonqa yönləndirilib. Oxuməni. az xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Agentliyin mənbələrinin sözlərinə görə, UPS logistika şirkəti Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısının kabin örtüyünü və silah bölməsinin qapağını daşıyıb. Detallar baxışdan keçirilməsi, mümkün təmir və ya utilizasiya üçün ABŞ-a göndərilib.
İki mənbə bildirib ki, Lockheed Martin Corp. tərəfindən istehsal olunan hər iki detal təyyarənin görünməzliyini artıran radioşüauducu materialla örtülüb.
Mənbələrdən biri bildirib ki, ABŞ-a gedən təyyarə Cənubi Koreyada dayanıb və yük oradan Honkonqa yönləndirilib. Onun sözlərinə görə, təyyarənin Cənubi Koreyada niyə dayandığı, yükün nə üçün Honkonqa göndərildiyi, eləcə də bu yönləndirmənin qəsdən, yoxsa təsadüfən baş verdiyi hələ də məlum deyil.
İki mənbənin məlumatına görə, daha sonra Çin hakimiyyəti həmin detalları müsadirə edib, lakin onları hələ də geri qaytarmayıb.
ABŞ Konqresinin ən azı iki komitəsi — Xarici Əlaqələr və Silahlı Qüvvələr komitələri — qırıcıya məxsus detalların Çin tərəfinin əlinə keçməsinə səbəb olan halları araşdırır.
Bundan əvvəl detalların Çinə çatdığı, Cənubi Koreyada aralıq dayanacaq edildiyi və onların daşınması üçün UPS xidmətlərindən istifadə olunduğu barədə məlumat verilməmişdi. Xüsusilə, Politico yalnız yükün gözlənilmədən Honkonqa yönləndirildiyini bildirmişdi.
Pentaqon detalların geri qaytarılması istiqamətində iş aparıldığını açıqlayıb. Pentaqonun bəyanatında deyilir: “Rəsmilər F-35-in nasaz komponentlərinin daşınması zamanı yaranmış problemdən xəbərdardır. Biz bu komponentlərin geri qaytarılması, insidentin araşdırılması və gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədilə ABŞ hakimiyyəti və sənaye tərəfdaşlarımızla fəal əməkdaşlıq edirik”.
F-35 dünyanın ən müasir qırıcılarından biridir. Beşinci nəsil bu təyyarələr Cənubi Koreya, Yaponiya, Sinqapur və Avstraliya da daxil olmaqla, təxminən 20 ölkə tərəfindən alınıb.
Almaz Həsənli




















































































