Zelenski Trampın köməyi ilə müharibəni qışa qədər bitirməyə ümid edir

Zelenski Trampın köməyi ilə müharibəni qışa qədər bitirməyə ümid edir

12:51
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.

Görüşdən sonra Zelenski Ağ Ev rəhbərinin Ukraynadakı müharibənin qış gəlməmiş başa çatmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib. Qapalı formatda keçən söhbəti o, müsbət və məhsuldar kimi xarakterizə edib.

Oxuməni.az xəbər verir ki, Ukrayna lideri özünün "Telegram" kanalında yazıb: "Həm Birləşmiş Ştatlar, həm də Ukrayna istəyir ki, bu mənasız Rusiya müharibəsi qışa qədər bitsin. Biz diplomatiyaya yol aça biləcək mümkün deeskalasiya addımlarını müzakirə etdik".

Ukrayna enerji atəşkəsinə hazırdır – əgər Rusiya da buna əməl edərsə. Görüşdən sonra jurnalistlərlə söhbət edən Zelenski Moskvanın qarşılıqlı addım atacağı təqdirdə, Kiyevin Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa hazır olduğunu bəyan edib.

Ukrayna prezidenti deyib: "Əgər Rusiya bizim enerji sistemimizə hücum etməməyə razılaşarsa, biz istənilən formatda enerji atəşkəsinə hazırıq".

Ukrayna liderinin qeyd etdiyi kimi, o, Moskvanın mövqeyindən xəbərsizdir, lakin ümid edir ki, Amerika tərəfi rusları hər hansı danışıqlara sövq etməyin yolunu tapacaq.

Zelenski, həmçinin Rusiya prezidenti Vladimir Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu bir daha bəyan edib.

O qeyd edib: "Tramp üçtərəfli görüş təşkil edə bilər ki, orada liderlər bütün vacib məsələləri müzakirə edib müharibəyə son qoymağa çalışa bilsinlər".

Zelenski ilə Trampın danışıqları başlamazdan əvvəl DW-nin müxbiri Ağ Ev rəhbərinə ABŞ, Ukrayna və Rusiya liderlərinin Mayamidə keçiriləcək G20 sammitində üçtərəfli görüşünün mümkün olub-olmadığını və Trampın Putini bu sammitə dəvət etməyə razı olub-olmadığını soruşub.

Amerika prezidenti belə cavab verib: "Biz artıq Alyaskada görüşmüşük. Mayami barədə bilmirəm. Tezliklə Mayamidə böyük bir tədbirimiz olacaq. Amma o görüşəcək. O, görüşməyə hazırdır. O, müharibənin bitməsini istərdi".

Qeyd edək ki, sentyabrın 22-dən 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası keçirilir və burada 130-a yaxın dünya lideri iştirak edir.

Almaz Həsənli