Ərdoğan BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvini təklif edib

Ərdoğan BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvini təklif edib

12:37
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətlərin BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsini nəzərdə tutan BMT islahatının aparılmasını təklif edib. Oxuməni.az xəbər verir ki, müvafiq təşəbbüs onun “Bloomberg” agentliyi üçün yazdığı məqalədə əksini tapıb.

Ərdoğan qeyd edib ki, BMT islahatı Təhlükəsizlik Şurasının daimi üzvləri statusunun sadəcə bu imtiyazların digər ölkələrə verilməsi yolu ilə deyil, tamamilə ləğv edilməsini tələb edir. Hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını almaq üçün qurumun bütün üzvləri Baş Assambleya tərəfindən müvəqqəti və rotasiya prinsipi əsasında seçilməlidir.

“Bəşəriyyətə sülh, sabitlik və ümumi rifah vəd edən sistem yeni müharibələrin qarşısının alınması, bərabərsizliyin azaldılması və güc balansının dəyişməsinə cavab verilməsi məsələlərində kifayət qədər effektiv olmadığını göstərib”, – Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısının fikrincə, regionların problemləri kənardan tətbiq olunan üsullarla deyil, yerli şərait nəzərə alınmaqla həll edilməlidir. Sabitliyin təmin olunmasında əsas rol region dövlətlərinə verilməlidir.

“Diplomatik imkanlara, iqtisadi resurslara və müxtəlif tərəflərlə kommunikasiya saxlamaq qabiliyyətinə malik ölkələr sülh və sabitliyin yaradılmasında qaçılmaz olaraq daha fəal rol oynamalıdırlar”, –Ərdoğan qeyd edib.

Eyni yanaşma sosial bərabərsizliyin daha da artdığı qlobal iqtisadiyyata da aiddir. Türkiyə lideri qloballaşmanın uğursuzluğa düçar olduğunu bildirərək qeyd edib ki, gözlənilən ümumi rifah əvəzinə texnologiyalar və iqtisadi asılılıq dövlətlərarası rəqabətin yeni sahələrinə çevrilib.

Almaz Həsənli