ABŞ yeni B61-13 termonüvə aviasiya bombasının yığılmasını başa çatdırır
ABŞ-ın Texas ştatında yerləşən Pantex zavodunda B61-13 termonüvə aviasiya bombalarının yekun yığılma mərhələsinə başlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) məlumat yayıb.
Sentyabrın əvvəlində idarə bildirmişdi ki, Tennessi ştatının Oak-Ridge şəhəri yaxınlığında yerləşən Y-12 Milli Təhlükəsizlik Mərkəzində termonüvə sursatının iki pilləli (iki fazalı) komponentlərinin son partiyası yığılıb.
İndi Pantex zavodunda B61-13 atom aviasiya bombalarının bütün komponentlərinin son partiyasının vahid konstruksiyada birləşdirilməsi həyata keçiriləcək. Daha sonra bombalar Pentaqonun arsenalına təhvil veriləcək.
B61 aviasiya bombasının B61-13 variantına modernləşdirilməsi proqramına ötən il başlanılıb. Artıq gücü 10-360 kiloton arasında dəyişən ilk partiya istehsal olunub. Bu bombalar köhnəlmiş B61-7 döyüş başlıqlarını əvəz edəcək. Modernləşdirilmiş variantlarla B-2 Spirit strateji bombardmançıları və hazırlanmaqda olan B-21 Raider təchiz ediləcək.
ABŞ hərbçilərinin sözlərinə görə, B61-13 aviasiya bombalarının istehsalı ölkənin arsenalındakı nüvə aviasiya bombalarının ümumi sayının artmasına səbəb olmayacaq, sadəcə köhnə variantlar yeniləri ilə əvəzlənəcək.
Amerika Alimləri Federasiyasının ekspertlərinin qeyd etdiyi kimi, belə güclü nüvə bombasının tətbiqini tələb edən hədəflərin faktiki sayı az olduğundan, B61-13 bombalarının istehsal həcminin kifayət qədər məhdud — təxminən 50 ədəd olması ehtimal edilir.
Almaz Həsənli




















































































