Zelenski İrlandiyada Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə görüşüb

Zelenski İrlandiyada Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə görüşüb

09:53
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyada ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüşüb. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki mənbəyə istinadən məlumat yayıb. Mənbələrdən birinin sözlərinə görə, görüş həmin günün əvvəlində Şennon hava limanında baş tutub.

Digər mənbə əlavə edib ki, Zelenski və Retkliff təyyarələrinin yanacaq doldurması zamanı qeyri-rəsmi şəraitdə söhbət ediblər. Onların nədən danışdıqları açıqlanmır. Nə MKİ, nə də Ukrayna hakimiyyəti görüş barədə rəsmi məlumat verməyib.

Avqustun 25-də MKİ rəhbəri elan olunmamış səfərlə Moskvaya gəlmişdi. "The Wall Street Journal"ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şəxsən Retkliffə bu missiya barədə köməkçilərinə və hərbi rəhbərlərə məlumat vermədən Rusiya paytaxtına getməyi tapşırıb. WSJ-nin mənbələri bildirib ki, Retkliff Moskvada Ukrayna ilə müharibənin dayandırılmasına dair danışıqların bərpasını müzakirə edib və Kremli İrana dəstəyi dayandırmağa çağırıb.

Qeyd edək ki, hazırda Zelenski Nyu-Yorka yola düşür; orada sentyabrın 22-də onun Trampla görüşü planlaşdırılıb. Sentyabrın 22-dən 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası keçiriləcək və orada 130-a yaxın dünya lideri bir araya gələcək.

Səfərdən əvvəl Ukrayna prezidenti ölkəsinin Rusiya ilə hərbi münaqişənin deeskalasiyasına hazır olduğunu bir daha bəyan edib.

Almaz Həsənli