Dronlar qədimlərdən türk ölkəsi olan Başqırdıstanın paytaxtı Ufa şəhərindəki neft emalı zavoduna hücum edib
21 sentyabr səhəri qədim türk yurdu olan Başqırdıstanın paytaxtı Ufa şəhərinə dronlar hücum edib. İlkin məlumata görə, Başneft Qrupunun neft emalı zavodlarından biri hədəf olub. Oxuməni.az xəbər verir ki, bu barədə monitorinq resurslarının məlumatında deyilir.
Hücum zamanı Başqırdıstanda dron xəbərdarlığı elan edilib. Ufa hava limanının fəaliyyəti də müvəqqəti olaraq məhdudlaşdırılıb. İlkin məlumata görə, dronlar Ufanın neft emalı infrastrukturuna hücum edib. Zərərin miqyası barədə hələlik rəsmi məlumat yoxdur. Ufa Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir. Şəhərdə Başneft şirkətinin bir hissəsi olan və böyük bir neft emalı kompleksi təşkil edən Başneft-UNPZ, Başneft-Novoil, Başneft-Ufanaftoxim neft emalı zavodları yerləşir.
Bu üç neft emalı zavodunun ümumi gücü ildə 23 milyon tondan çoxdur. Neft emalı zavodları benzin, dizel yanacağı, aviasiya kerosini, sürtkü yağları və digər məhsullar istehsal edir və Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün istifadə olunur. Ukrayna sərhədindən neft emalı zavodlarına qədər olan məsafə təxminən 1600 km-dir.
Xatırladaq ki, 20 sentyabr gecəsi Moskva və ətraf bölgə kütləvi dron hücumuna məruz qaldı. Hədəflərdən biri Kremldən təxminən 15 km məsafədə yerləşən Kapotnyadakı Moskva Neft Emalı Zavodu idi.
Əziz MUSTAFA




















































































