“Time” jurnalı incəsənət sahəsində ən nüfuzlu 100 insanın siyahısını dərc edib

“Time” jurnalı incəsənət sahəsində ən nüfuzlu 100 insanın siyahısını dərc edib

11:22
Bəyəndim (1) Bəyənmədim (0)

Amerikanın "Time" jurnalı ilk dəfə olaraq "incəsənətin gələcəyini müəyyən edən" ən nüfuzlu 100 insanın siyahısını tərtib edib.

Oxuməni.az xəbər verir ki, siyahıya rəssamlar, fotoqraflar, heykəltəraşlar və digər yaradıcı şəxslərlə yanaşı, kuratorlar, hüquqşünaslar, mesenatlar və muzey rəhbərləri də daxildir. Jurnalın buraxılışının üz qabığında amerikalı portret rəssamı Emi Şeraldın şəkli yer alıb. O, sadələşdirilmiş realizm üslubunda işləyir və afroamerikalıların gündəlik həyatını əks etdirən portretləri ilə tanınır. Xüsusilə, Şerald ABŞ-ın keçmiş prezidenti Barak Obama və birinci xanım Mişel Obamanın rəsmi portretlərinin müəllifidir.

Siyahıdakı rəssamlar arasında italyan Mauritsio Kattelan, ABŞ-ın yerli xalqlarının nümayəndəsi Ceffri Qibson, amerikalı Kerri Ceyms Marşall, alman Gerhard Rixter, fransız fotoqraf və küçə rəssamı JR də var.

Siyahıya investor Ken Qriffin, sahibkar Ronald Lauder və incəsənət kolleksiyaçısı Komal Şah da daxil olmaqla 11 mesenat daxil edilib.

Top-100-lükdə, həmçinin Metropoliten Muzeyinin rəhbəri Maks Holleyn, Benksi, Harlem Studiya Muzeyinin rəhbəri Telma Qolden və Nyu-Yorkdakı Quqqenhaym Muzeyinin baş kuratoru Naomi Bekvit də yer alıb.

Almaz Həsənli