Çexiyanın baş naziri “Dəmir qübbə”nin Avropa analoqunun yaradılmasını təklif edib

Çexiyanın baş naziri “Dəmir qübbə”nin Avropa analoqunun yaradılmasını təklif edib

14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyanın Baş naziri Andrey Babiş İsrailin “Dəmir qübbə” zenit-raket kompleksini nümunə götürərək, “Avro Patriot” adlandırılacaq ümumavropa çoxsəviyyəli raketdən müdafiə sisteminin yaradılmasını təklif edib.

Oxuməni. az EFE agentliyinə istinadla xəbər verir ki, siyasətçi bu barədə Praqada keçirilən illik Müdafiə Sammitinin açılışında çıxışı zamanı bildirib.

Çexiya hökumətinin başçısının sözlərinə görə, Avropa ölkələri Ukraynadakı müharibənin təcrübəsini nəzərə alaraq praktiki nəticələr çıxarmalıdır.

O qeyd edib ki, Ukrayna tərəfi mütəmadi olaraq “İsgəndər” və “Kinjal” kimi Rusiya ballistik raketlərinin zərbələrinə məruz qalır və bunun qarşısını almaq üçün əsasən Amerikanın “Patriot” zenit-raket komplekslərindən ibarət məhdud müdafiə imkanlarına malikdir.

Andrey Babiş vurğulayıb ki, Avropa İttifaqındakı tərəfdaşlarını İsrail kompleksinin analoqunu hazırlamağa fəal şəkildə inandırmaq niyyətindədir.

Təklif olunan konsepsiya kiçik, orta və böyük mənzilli raketlərdən və müxtəlif mərmilərdən müdafiəni bir sistemdə birləşdirməli, həmçinin lazer texnologiyalarına əsaslanan perspektivli sistemləri əhatə etməlidir.

Çexiyanın baş nazirinin fikrincə, “Avro Patriot” layihəsinin həyata keçirilməsi müttəfiqlərin müdafiə sənayesi kompleksi üçün praktiki fayda verəcək.

Belə bir təşəbbüs Avropa ölkələrinin NATO-nun təhlükəsizliyinə ümumi töhfəsini əhəmiyyətli dərəcədə gücləndirə bilər və eyni zamanda ABŞ-la birbaşa rəqabət yaratmaz.

Almaz Həsənli