Yaponiyada ayı nəzarətinə məsul məmur təyin ediləcək
Yaponiya ayı hücumları ilə mübarizəyə məsul nazir təyin edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberg-in məlumatında deyilir. Qərar ölümcül hadisələrin artması fonunda verilib.
Hakim partiyadan olan parlament üzvü Hiroyoşi Sasaqava kabinetdə aparılan dəyişikliklərdən sonra yeni ətraf mühit naziri təyin edilib. O, həmçinin ayı populyasiyasına nəzarət üzrə yeni yaradılmış departamentə rəhbərlik edəcək. Sasaqava həmçinin nüvə obyektlərində fövqəladə hallara hazırlıqdan məsul olacaq.
Hökumət məlumatlarına görə, ötən il Yaponiyada 50.776 ayı müşahidəsi qeydə alınıb. Bu, əvvəlki iki ildəkindən çoxdur.
Hücumlarda yaralananların sayı rekord həddə - 238-ə çatdı. Ölənlərin sayı əvvəlki ildəki üç nəfərdən 13-ə yüksəldi.
Hökumət hadisələrin artmasını qismən ayıların tərk edilmiş fermalardakı kənd təsərrüfatı torpaqlarına cəlb olunması ilə əlaqələndirir. Digər bir amil isə ovçuların sayının azalmasıdır.
Daha əvvəl, görünməmiş sayda ayı hücumu fonunda Yaponiya hökuməti ölkənin şimalına qoşun göndərərək, ovlanmaya kömək etdi.
Əziz Mustafa




















































































