ABŞ Fələstin prezidenti Mahmud Abbasa BMT Baş Assambleyasında iştirak üçün viza verməyib
ABŞ Fələstin prezidenti Mahmud Abbasa gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün tələb olunan vizanı verməyib. Oxuməni.az xəbər verir ki, bu barədə “The Times of Israel” ABŞ və Fələstin rəsmilərinə istinadən məlumat yayıb.
Abbas ikinci ildir ki, Baş Assambleyada videokonfrans vasitəsilə çıxış edəcək. Sessiyada iştirak etmək üçün ABŞ-a səfər etməyi planlaşdıran digər Fələstin rəsmilərinə də viza verilməyib.
Fələstin rəsmilərindən biri bildirib ki, ona vizanın verilməsindən imtina edilməsinə ABŞ qanunvericiliyinin 212(a)(3)(B) maddəsi əsas olub. Həmin maddə “istənilən vaxt terror fəaliyyəti ilə məşğul olmuş və ya terror təşkilatı ilə əlaqəsi olmuş” şəxslərə viza verilməsini qadağan edir. Bununla belə, bu maddənin Abbasa viza verilməməsinin səbəbi kimi göstərilib-göstərilmədiyi məlum deyil.
ABŞ Dövlət Departamenti bildirib ki, Fələstin Administrasiyasının nümayəndələrinə viza verilməməsini nəzərdə tutan sanksiyaları uzadacaq. Departamentin sözlərinə görə, Fələstin Administrasiyası “islahatlar həyata keçirmir, ABŞ-a verdiyi öhdəliklərin əksinə hərəkət edir və sülh perspektivlərini zəiflədən fəaliyyətini davam etdirir”.
Eyni zamanda, İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 23-də BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Onun təyyarəsinin adi praktikadan fərqli olaraq Nyu-Yorkdakı Con Kennedi hava limanına deyil, Nyu-Cersi ştatındakı Nyuark hava limanına enməsi planlaşdırılır.
İsrailin “Walla” saytı ABŞ-dan olan siyasi mənbəyə istinadən yazıb ki, ABŞ Məxfi Xidməti Netanyahunun təhlükəsizliyini “son dərəcə gücləndirilmiş rejimdə” təmin edəcək. ABŞ rəsmisi bildirib ki, hava limanının dəyişdirilməsi Nyu-York meri Zöhran Mamdaninin açıqlamaları və ya mümkün təxribatla deyil, təyyarənin təhlükəsizliyi və dayanacağı ilə bağlı hava limanı administrasiyası ilə aparılan danışıqlarla əlaqədardır.
Xatırladaq ki, Mamdaninin daha əvvəl bildirdiyinə görə, Netanyahu Nyu-Yorka gəldiyi təqdirdə şəhər hakimiyyəti qanunvericiliklə onlara verilən səlahiyyətlər çərçivəsində hərəkət edəcək. İsrailin baş nazirinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarının icra olunmasının mümkünlüyü ilə bağlı suala cavab verən mer deyib: “Məncə, Netanyahunun yeri Haaqadadır. O, BCM-nin ittiham irəli sürdüyü hərbi cinayətkardır”.
Almaz Həsənli




















































































