Trampın hərbi müşaviri Ayın yaxınlığında müharibəyə hazırlaşmağa çağırıb

Trampın hərbi müşaviri Ayın yaxınlığında müharibəyə hazırlaşmağa çağırıb

16:27
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hərbçiləri təkcə Yerətrafı orbitdə deyil, Ayın ətrafında da hərbi əməliyyatlara hazırlaşmalıdırlar. Oxuməni az “Associated Press”-ə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Merilend ştatının Nəşnl-Harbor şəhərində keçirilən Air, Space and Cyber konfransında çıxışı zamanı bildirib. Keyn bu açıqlamanı ABŞ-ın ilk dəfə kosmik silahın orbitə çıxarılmasını elan etməsindən bir neçə gün sonra verib.

ABŞ-ın daha bir yüksək rütbəli hərbiçisi, Kosmik Qüvvələrin Döyüş Komandanlığına rəhbərlik edən general-leytenant Qreqori Qanyon bu hazırlıqları, ilk növbədə, Çinin timsalında “potensial rəqiblərin” fəaliyyəti ilə izah edib.

Kosmik Qüvvələr ABŞ Silahlı Qüvvələrinin yeni qoşun növüdür. Bu struktur 2019-cu ildə Trampın ilk prezidentlik dövründə yaradılıb. Qanyonun sözlərinə görə, ABŞ qarşıdakı beş il ərzində Kosmik Qüvvələrin şəxsi heyətinin sayını iki dəfə artıraraq təxminən 25 min nəfərə çatdırmağı planlaşdırır.

Çin 2024-cü ildə kosmosda böhran vəziyyətlərinə cavab vermək üçün öz hərbi kosmik bölmələrini yaradıb. ABŞ-ın kosmosa silah çıxarmasına cavab olaraq Çinin Xarici İşlər Nazirliyi Pekinin “kosmosda silah yerləşdirilməsinə, kosmosun hərbiləşdirilməsinə və silahlanma yarışına qarşı” olduğunu bildirib.

Associated Press qeyd edir ki, ABŞ hərbçilərinin bir sıra açıqlamaları kosmosdan yalnız dinc məqsədlərlə istifadəni nəzərdə tutan uzun müddətdir qəbul edilmiş beynəlxalq konvensiya və razılaşmalarla ziddiyyət təşkil edir.

Belə ki, 1967-ci ildə ABŞ və Çin tərəfindən imzalanmış Kosmos haqqında Müqavilədə Ayın və digər səma cisimlərinin “müstəsna olaraq dinc məqsədlər üçün” istifadəsi nəzərdə tutulur. Sənəd kosmosda nüvə silahının və kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir.

1967-ci il müqaviləsi və digər oxşar öhdəliklərlə bağlı suala cavab olaraq ABŞ Kosmik Qüvvələrinin nümayəndələri bildiriblər ki, Birləşmiş Ştatlar “kosmosun bütün guşələrində təhlükəsiz və məsuliyyətli kosmik əməliyyatları davam etdirəcək”.

Almaz Həsənli