Vens: ABŞ-ın Yaxın Şərq siyasəti İsrailə tabe edilməməlidir
ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İsrailin maraqları amerikalıların maraqları ilə üst-üstə düşmədiyi halda Yaxın Şərq siyasətini İsrailin maraqlarına uyğun qurmamalıdır. Oxuməni. az xəbər verir ki, bu barədə VIN News məlumat yayıb.
“Biz xarici siyasətimizin Yaxın Şərqdə İsrail dövlətinə tabe edilməsinə imkan verə bilmərik”, – Vens All-In podkastının təşkil etdiyi konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, İsrail hərbi texnologiyalar və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində ABŞ-ın mühüm tərəfdaşı olaraq qalır. Lakin müttəfiqlik fikir ayrılıqlarının olmaması demək deyil.
Vens bildirib ki, onun fikrincə, ABŞ prezidenti Donald Tramp son 40 ildə digər prezidentlərlə müqayisədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılığına getməyə daha çox hazır olduğunu nümayiş etdirib. O qeyd edib ki, Tramp ABŞ və İsrail hökumətlərinin maraqlarının fərqləndiyini düşündüyü halda belə mövqe sərgiləyə bilər.
“Tramp son 40 ildə ‘Bəli, Bibi yaxşı tərəfdaşdır, amma bu məsələ ilə bağlı fərqli fikirlərimiz var’ deyə bilən yeganə prezidentdir”, – vitse-prezident Netanyahunun geniş yayılmış ləqəbindən istifadə edərək bildirib.
Vensin sözlərinə görə, Tramp müəyyən məsələdə Netanyahunun İsrailin maraqları baxımından haqlı olduğunu düşünə bilər, lakin buna baxmayaraq ABŞ-ın maraqlarını əsas götürərək fərqli siyasət seçə bilər.
Vitse-prezident vurğulayıb ki, Vaşinqtonun digər müttəfiqləri ilə münasibətləri də ilk növbədə ABŞ-ın maraqları nəzərə alınmaqla qurulmalıdır. O, buna nümunə kimi NATO-nu göstərib.
“NATO çərçivəsində çoxlu mühüm münasibətlərimiz və tərəfdaşlıqlarımız var. Lakin bu, Avropadakı xarici siyasətimizi tamamilə NATO-ya tabe edəcəyimiz anlamına gəlmir. Eynilə, Yaxın Şərqdəki xarici siyasətimizin İsrail dövlətinə tabe edilməsinə imkan verə bilmərik”, – Vens deyib.
Onun sözlərinə görə, ABŞ maraqlarının üst-üstə düşdüyü məsələlərdə digər ölkələrlə əməkdaşlıq edəcək, maraqların fərqləndiyi məsələlərdə isə fikir ayrılığını ifadə edəcək.
“Biz Amerikanın maraqlarını təmin edəcəyik. Rasional xarici siyasəti həyata keçirməyin yeganə yolu budur”, – ABŞ vitse-prezidenti bildirib.
Almaz Həsənli




















































































