Pakistan Məkkə Sazişinə digər ölkələrin qoşulmasına açıqdır
Asiya regionunda sülhə inanan, həmçinin daxili işlərə qarışmamaq və çəkindirmə prinsiplərini bölüşən digər ölkələr hazırda Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyəni əhatə edən Məkkə Sazişinə qoşula bilərlər. Oxuməni.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru Əhməd Şərif Çaudri bildirib.
"Bu sazişə və ya ittifaqa əməkdaşlıqda maraqlı olan, regional sülhə, sabitliyə və təhlükəsizliyə inanan, həmçinin təcavüz etməmək, daxili işlərə qarışmamaq və kollektiv çəkindirmə ilə bağlı ortaq baxışı bölüşən yeni tərəfdaşlar qoşula bilər", - deyə Pakistanlı general "Al Arabiya" telekanalına müsahibəsində bildirib.
Çaudri qeyd edib ki, bu format "yalnız müsəlman ölkələrindən ibarət klub" kimi qiymətləndirilməməlidir. O əlavə edib ki, sazişin genişləndirilməsi ilə bağlı qərarlar iştirakçı ölkələr tərəfindən qəbul edilməlidir. General vurğulayıb ki, pakt müdafiə xarakterlidir və "kollektiv çəkindirmə" məqsədi daşıyır; bundan əlavə, o, "heç bir təcavüzkar məqam ehtiva etmir və heç bir regional ambisiya nəzərdə tutmur". "Beləliklə, bu qarşılıqlı müdafiə sazişi tamamlayıcı xarakter daşıyır. O, iştirakçı ölkələrin digər münasibətlərinə mane olmur", - deyə Çaudri qeyd edib.
Daha əvvəl Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirmişdi ki, Məkkə Sazişinin genişləndirilməsi məsələsi hazırda müzakirə olunmur. Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud, Türkiyə Prezidenti Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıblar. Sazişə əsasən, ölkələrdən hər hansı birinə edilən hücum paktı imzalayan bütün tərəflərə qarşı təcavüz aktı kimi qiymətləndiriləcək.
Əziz Mustafa




















































































