ABŞ ilk dəfə kosmosda silah yerləşdirdiyini etiraf edib

ABŞ ilk dəfə kosmosda silah yerləşdirdiyini etiraf edib

15:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ ilk dəfə olaraq Yer orbitində hücum silahlarının olduğunu ictimai şəkildə etiraf edib. Oxuməni.az xəbər verir ki, bu barədə BBC portalı məlumat yayıb.

Bu addım Vaşinqtonun kosmosda hücum imkanlarının inkişafında yeni mərhələyə keçdiyini və Rusiya ilə Çin arasında hərbi rəqabətin kəskinləşdiyini göstərir.

Bazar ertəsi Hava, Kosmik və Kibermüharibə Konfransında çıxış edən ABŞ Hərbi Hava Qüvvələri nazirinin müavini Troy Meink bildirib ki, bu silahlar Amerika qüvvələrini "inkişaf edən təhdidlərdən" qorumaq üçün lazımdır. O, silahın imkanları və orbitə nə vaxt çıxarıldığı barədə məlumat verməyib.

İndiyədək Amerika rəsmiləri əsasən kosmosda hərbi imkanların genişləndirilməsi planları haqqında bəyanatlar verirdilər. Vaşinqton bu cür tədbirlərin zəruriliyini Rusiya və Çinin peykləri sıradan çıxara bilən və ya onların işini poza bilən vasitələr hazırlaması ilə əlaqələndirirdi.

Donald Trampın administrasiyası da yaradılan "Qızıl günbəz" (Golden Dome) raketdən müdafiə sisteminin kosmik komponenti, o cümlədən raket əleyhinə vasitələri əhatə edəcəyini bildirmişdi.

Qeyd edək ki, beynəlxalq hüquq orbitdə adi silahların yerləşdirilməsini birbaşa qadağan etmir. 1967-ci il Kosmos Müqaviləsi kosmik məkanda kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir, lakin onun müddəaları adi silah növlərinə şamil edilmir.

Almaz Həsənli