İspaniya 100 min Qərbi Sahara sakinlərinə vətəndaşlıq vermək istəyir

İspaniya 100 min Qərbi Sahara sakinlərinə vətəndaşlıq vermək istəyir

16:23
Bəyəndim (1) Bəyənmədim (0)

İspaniya parlamentinin aşağı palatası 1977-ci ildən əvvəl anadan olmuş Qərbi Sahara sakinlərinə (həmin vaxt bu region İspaniyanın idarəçiliyi altında idi) və onların birbaşa nəsillərinə İspaniya vətəndaşlığının verilməsini nəzərdə tutan qanun layihəsinin dəstəklənməsinə səs verib. Təşəbbüsü 168 deputat dəstəkləyib, 31 deputat əleyhinə səs verib, 145 deputat isə bitərəf qalıb. Oxuməni.az “Reuters”ə istinadla xəbər verir ki, bu qanun qəbul olunacağı təqdirdə Qərbi Saharanın 110 minədək sakini İspaniya vətəndaşlığına iddia edə bilər.

Agentliyin məlumatına görə, qanunun qəbul edilməsi İspaniyanın Mərakeşlə münasibətlərini pisləşdirə bilər. Rabat hələlik bu İspaniya təşəbbüsünə qarşı rəsmi mövqe bildirməyib.

Bu ilin yayında İspaniya ilə Mərakeş arasında münasibətlər İspaniyaya məxsus Seuta şəhərində baş verən miqrasiya böhranından sonra gərginləşib. Bəzi ekspertlər hesab edirlər ki, Rabat miqrant axınının artmasına qəsdən şərait yarada bilərdi. Məqsəd isə İspaniyanın Əlcəzairlə yaxınlaşmasından narazılığını “ispan həmkarlarına çatdırmaq” olub.

Xatırladaq ki, Qərbi Sahara mübahisəli ərazidir və onun 80 faizinə faktiki olaraq Mərakeş nəzarət edir. Qalan 20 faizə isə ölkənin müstəqilliyini dəstəkləyən hərbi-siyasi təşkilat olan Polisario Cəbhəsi nəzarət edir. Təşkilatı Əlcəzair dəstəkləyir. Mərakeş hakimiyyəti isə dəfələrlə İspaniyanı separatçılara rəğbət göstərməkdə ittiham edib.

Qərbi Sahara 1884-1976-cı illərdə İspaniyanın hakimiyyəti altında olub. Madrid uzun illər Qərbi Saharanın gələcəyini müəyyənləşdirəcək referendumun keçirilməsi ideyasını dəstəkləyib. Lakin 2022-ci ildə Mərakeşin bu ərazi ilə bağlı iddialarını qəbul edib.

Almaz Həsənli