Marsda heç bir məlum krater tipinə bənzəməyən çökəkliklər aşkar edilib

Marsda heç bir məlum krater tipinə bənzəməyən çökəkliklər aşkar edilib

14:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Curiosity” aparatı Marsın səthində mənşəyi alimlərə hələ də məlum olmayan qeyri-adi, kiçik və enli çökəkliklər aşkar edib. Bu çuxurlar adi zərbə kraterlərinə bənzəmir: onların yaxınlığında vaxtilə bu çökəklikləri doldura biləcək daş və ya konkresiya qalıqları yoxdur. Oxuməni.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.

Təxminən bir santimetr ölçüsündə olan çökəkliklər Geil kraterindəki Şarp dağının (Eolida dağları) sulfatlarla zəngin təbəqələrini kəsən Valle-Qrande vadisində aşkarlanıb. Həmin vaxta qədər “Curiosity” aparatı müxtəlif geoloji dövrlərdə formalaşmış çöküntüləri araşdıraraq dağın yamacı ilə təxminən 1 kilometr yüksəlib.

Sirri araşdırmaq üçün aparat MAHLI mikroskop kamerasından yaxın məsafədən çəkilişlər aparmaq, həmçinin səthin üçölçülü modellərini yaratmağa imkan verən Mastcam stereokameralarından istifadə edib. Lakin çökəkliklərin nə forması, nə də yerləşməsi hələlik məlum proseslərdən hər hansı biri ilə izah edilə bilmir.

Alimlər mümkün izahlar arasında naməlum eroziya prosesini, süxurun qeyri-adi xüsusiyyətlərini və ya tamamilə başqa bir amili nəzərdən keçirirlər. Sirrə aydınlıq gətirmək üçün mütəxəssislər ətraf təbəqələrin kimyəvi tərkibini daha ətraflı öyrənməyi planlaşdırırlar.

Bu cür “geoloji tapmacalar” “Curiosity” aparatı üçün yeni deyil. Daha əvvəl həmin Şarp dağında “Curiosity” hörümçək toruna bənzəyən çoxbucaqlı silsilələr aşkar etmişdi. Bu strukturlar qədim su hövzələrinin quruması nəticəsində yaranır və Marsın keçmişdə maye suya malik olduğuna dair əlamətlərdən biri hesab olunur.

Hündürlüyü təxminən 5 kilometr olan Şarp dağı Geil kraterinin mərkəzi yüksəklik hissəsidir. Dağın təbəqələri qədim Marsın iqliminin bir növ salnaməsi rolunu oynayır: aparat yamac boyunca yüksəldikcə sanki planetin geoloji tarixinin səhifələrini vərəqləyir.

Çökəkliklərin aşkar edildiyi sulfat çöküntüləri Marsın quruduğu və suyunu itirdiyi dövrdə formalaşıb. Buna görə də həmin təbəqələrdə aşkar edilən istənilən qeyri-adi struktur alimlər üçün xüsusi maraq doğurur.

Almaz Həsənli