11 sentyabr terror aktlarından 25 il ötür
Düz 25 il əvvəl, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinin dağılması ilə nəticələnən terror aktları baş verdi.
Oxuməni.az xəbər verir ki, 2001-ci il sentyabrın 11-i səhər saatlarında "Əl-Qaidə" terror təşkilatının 19 üzvü ABŞ-da dörd sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin Şimal və Cənub qüllələrinə çırpılıb. Toqquşma və ardınca baş verən yanğınlar nəticəsində hər iki bina uçub.
Üçüncü təyyarə Vaşinqton yaxınlığındakı Arlinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin binasına — Pentaqona çırpılıb. Dördüncü təyyarənin sərnişinləri terrorçulara müqavimət göstərməyə çalışıblar, bundan sonra təyyarə Pensilvaniya ştatında tarlaya düşüb.
Hücumlar nəticəsində 2 977 nəfər həlak olub. Onlardan 2 753-ü Nyu-Yorkda, 184-ü Pentaqonda, 40-ı isə dördüncü təyyarənin göyərtəsində dünyasını dəyişib. Həlak olanlar 90 ölkənin vətəndaşları olub.
Sonradan hücumların "Əl-Qaidə" tərəfindən təşkil edildiyi müəyyən edilib. Təşkilatın o vaxtkı lideri Üsamə bin Laden ABŞ-ın əsas hədəfinə çevrilib. 2 may 2011-ci ildə o, Pakistanın Abbottabad şəhərində keçirilən əməliyyat zamanı ABŞ xüsusi xidmət orqanları tərəfindən məhv edilib.
Bu gün ABŞ-da 2001-ci il hücumlarının 25-ci ildönümü ilə bağlı anım mərasimləri planlaşdırılır. "Euronews"un məlumatına görə, həlak olanların yaxınları Nyu-Yorkdakı memorial meydanda toplaşaraq qurbanların adlarını oxuyacaqlar. Mərasimlər həmçinin Arlinqtondakı Pentaqonda və Şanksvildəki 93-cü reys Milli Memorialında da keçiriləcək.
Nyu-Yorkdakı tədbir zamanı yeddi dəqiqəlik sükutun olması planlaşdırılır — bu, əvvəlki illərdən bir dəqiqə çoxdur. Əlavə sükut dəqiqəsi 11 sentyabr hücumlarının nəticələri ilə bağlı xəstəliklərdən dünyasını dəyişən insanlara həsr olunacaq.
Prezident Donald Tramp bu il Pentaqonda çıxış edəcək, vitse-prezident Cey Di Vens isə "Qraund-Ziro"nu (Ground Zero) ziyarət edəcək. Nyu-Yorkdakı mərasimdə keçmiş prezidentlər Co Bayden, Barak Obama, Bill Klinton və Corc Buşun da iştirakı gözlənilir.
"Ipsos"un yeni sorğusuna görə, amerikalı böyüklərin təxminən yarısı 11 sentyabrı öz həyatlarının ən mühüm hadisələrindən biri kimi qeyd edir. Respondentlərin on nəfərindən doqquzu hücumların ölkəni əhəmiyyətli dərəcədə və ya müəyyən dərəcədə dəyişdiyini düşünür. Eyni zamanda, respondentlərin təxminən hər on nəfərindən biri ildönümü fəal şəkildə qeyd etməyi planlaşdırır; ən çox görülən jestlər bir dəqiqəlik sükut və bayraq asmaqdır.
Dörddə bir əsr keçməsinə baxmayaraq, iddia edilən təşkilatçının məhkəməsi hələ də başlamayıb və həmin gün həlak olanların ailələri ədalətə nail olmaq üçün vaxtın tükəndiyindən qorxurlar.
Almaz Həsənli




















































































