Özbəkistan Senatı latın qrafikalı özbək əlifbası haqqında qanuna dəyişiklikləri təsdiqlədi

Özbəkistan Senatı latın qrafikalı özbək əlifbası haqqında qanuna dəyişiklikləri təsdiqlədi

16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistan Senatı cümə axşamı keçirilən plenar iclasda "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanuna dəyişikliklərin edilməsini təsdiqləyib; əlifba hazırkı 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrof işarəsindən ibarət olacaq. Oxuməni.az xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

Qanunda həmçinin nəzərdə tutulur ki, dəyişikliklər qüvvəyə minənədək hazırkı əlifba əsasında tərtib edilmiş sənədlərin, milli valyutanın və qiymətli kağızların istifadəsinə icazə verilir.

Dövlət orqanları və təşkilatlarının rəmzi nişanlarının, eləcə də hazırkı əlifbadan istifadə edilməklə hazırlanmış lövhə və göstəricilərin yararsız hala düşənədək və ya müəyyən edilmiş müddət bitənədək istifadəsinə icazə verilir.

Senatorların qiymətləndirməsinə görə, qanunun qəbulu latın qrafikalı özbək əlifbasının və orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə, dövlət dilindən istifadə imkanlarının genişləndirilməsinə, habelə özbək dilinin rəqəmsallaşdırılması proseslərinin inkişafına töhfə verəcək.

Parlamentin Qanunvericilik (aşağı) palatası özbək latın əlifbasında islahatı nəzərdə tutan qanunu cari ilin iyul ayında qəbul edib.

"Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanun 1993-cü il sentyabrın 2-də qəbul edilib.

Almaz Həsənli