Zelenskinin təyyarəsi ilə bağlı hadisənin arxasında Rusiya dayanır
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə uçarkən az qala dron tərəfindən vurulacaqdı. Hava təhlükəsi səbəbindən Ukrayna liderinin uçuşu təxirə salınmalı oldu.
Oxuməni.az xəbər verir ki, bu barədə Norveç Baş naziri Jonas Gar Storenin NRK-ya verdiyi müsahibəsində deyilir. Norveç Baş nazirin sözlərinə görə, Ukrayna liderinin təyyarəsi uçuş zamanı təhdid edilib. O qeyd edib ki, bunun arxasında Rusiyanın dayandığı heç kəsə sirr deyil.
"Zelenskinin təyyarəsi Moldovadan qalxarkən az qala dron tərəfindən vurulacaqdı. Bu, onun hər gün üzləşdiyi reallıqdır və hadisənin arxasında Rusiya dayanır. Putin Zelenskini məhv etmək üçün əlindəki bütün imkanlardan istifadə edir", - deyə Jonas Gar Store bildirib.
Norveç Baş Nazirinin Ofisi aydınlaşdırıb ki, düşmən dronunun Moldova hava məkanında olması səbəbindən təhlükə aşkarlanıb və bu da uçuşun gecikməsinə səbəb olub. Bu arada, Moldova Müdafiə Nazirliyi Zelenskinin uçuşu zamanı ölkənin hava məkanının pozulduğunu təsdiqləyib. Təhdid həmçinin Starokozaçe sərhəd keçid məntəqəsinin müvəqqəti bağlanmasına səbəb olub.
Norveç maliyyə naziri Yens Stoltenberq də uçuşun dramatik şəraitindən bəhs edib. Onun sözlərinə görə, Ukrayna prezidenti Osloda keçirilən görüşdə çətin səyahətin təfərrüatlarını şəxsən bölüşüb.
Təhlükəsizlik risklərinə baxmayaraq, Volodimir Zelenski Kral V Haraldın dəfn mərasimində iştirak etmək və Norveç hökuməti ilə bir sıra danışıqlar aparmaq üçün Osloya gəlib. Ukraynanın hava məkanının gücləndirilməsi müzakirənin əsas mövzusu olub.
Xüsusilə, tərəflər "Patriot" sistemlərinə daha ucuz və daha effektiv alternativ olmaq üçün nəzərdə tutulan birgə "Freya" hava hücumundan müdafiə layihəsinin hazırlanmasına diqqət yetiriblər.Störenin sözlərinə görə, Norveç müdafiə sənayesi artıq Ukraynanın müstəqil şəkildə hava hücumundan müdafiə sistemləri qurmasına və müdafiəsindəki boşluqları doldurmasına imkan verəcək həllər üzərində işləyir.
Xatırladaq ki, Oslo Kiyevin əsas tərəfdaşlarından biri olaraq qalır və Ukraynaya dəstəyini bütün Avropanın təhlükəsizliyinə investisiya adlandırır. Xüsusilə, Norveç hökuməti 2027-ci il üçün Ukrayna üçün həcminə görə bu ilki yardımla müqayisə edilə biləcək yeni, genişmiqyaslı dəstək paketi elan edib.
Əziz MUSTAFA




















































































