Qrenlandiya Aİ-yə üzv olmaq niyyətində deyil

Qrenlandiya Aİ-yə üzv olmaq niyyətində deyil

16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Qrenlandiya Aİ-yə üzv olmaq niyyətində deyil. Oxuməni.az xəbər verir ki, bu barədə adanın baş naziri Yens-Frederik Nilsen deyib. Onun sözlərinə görə, Qrenlandiya Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcək, lakin üzvlük məsələsi “müzakirə olunmur”.

Qrenlandiya hökumətinin başçısı qrenlandiyalıların Aİ-yə mümkün üzvlüyünə münasibəti ilə bağlı sualı cavablandırarkən deyib: "Qrenlandiya hələ də illər əvvəl olduğu vəziyyətdədir - bizim Aİ ilə tərəfdaşlığımız var, onu inkişaf etdirmək və onu daha strateji və güclü etmək istərdik, lakin Aİ-yə üzvlük məsələsi indi müzakirə olunmur".

Sual Qrenlandiyaya 200 milyon avro, o cümlədən internet və yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrıldığını elan edən Avropa Komissiyasının sədri Ursula fon der Leyenin adaya səfəri ilə bağlı verilib. "Bizim Aİ ilə əməkdaşlığımız var. Söhbət balıqçılıq və təhsildən gedirdi. İndi biz onu genişləndirmişik və buna sevinirik, çünki biz iqtisadiyyatımızı şaxələndirmək və balıqçılıqdan o qədər də asılı olmamaq istəyirik", - Nilsen bildirib.

Solda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, sağda Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen

Sentyabrın 6-dan 7-dək Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Qrenlandiyada işgüzar səfərdə olub. Onun səfəri zamanı Aİ və Qrenlandiya arasında infrastruktur, nəqliyyat, dəniz idarəçiliyi və mülki hazırlıq üzrə genişləndirilmiş əməkdaşlığa dair bəyannamə imzalanıb.

Ursula von der Leyen enerji, rabitə, mədənçilik, turizm və təhsil layihələri üçün Qrenlandiyaya Aİ-nin 200 milyon avro sərmayə qoyacağını vəd edib. Uzunmüddətli əməkdaşlıq niyyəti ilə AK rəhbəri həmçinin ada üçün 2034-cü ilə qədər maliyyələşməni iki dəfə artırmağı - 530 milyon avroya çatdırmağı təklif edib.

Yanvarın sonunda Aİ Qrenlandiyaya sərmayə qoyuluşunu artırdığını elan etdi. Bu, Amerika prezidenti Donald Trampın adanı Birləşmiş Ştatlara birləşdirmək niyyəti ilə bağlı təkrar bəyanatlarına cavab idi.

Bazar ertəsi Qrenlandiya, Aİ və Danimarka 2015-ci ildəki son birgə bəyannamədən sonra əməkdaşlığı genişləndirən yeni birgə bəyannamə imzaladılar. Hazırda tərəfdaşlıq kritik xammal, enerji və rəqəmsal kommunikasiyalar kimi sahələri əhatə edir.
Qrenlandiya 1973-cü ildə Danimarka ilə birlikdə Avropa Birliyinə qoşuldu, lakin 1979-cu ildə muxtariyyət qazandıqdan və krallıq daxilində özünüidarəetmə sistemini tətbiq etdikdən sonra ada 1982-ci ildə Aİ-dən çıxmağa səs verdi. 1985-ci ildə Aİ-dən ayrılaraq muxtar xüsusi əraziyə çevrildi. Aİ-dən çıxmağın əsas səbəbləri Aİ-nin balıqçılıq siyasəti ilə bağlı fikir ayrılıqları və Qrenlandiyanın balıqçılıq ehtiyatlarına nəzarəti bərpa etmək istəyi idi.

Əziz MUSTAFA