ISW: Rusiyanın «Starlink analoqu»nun ikinci partiyasındakı 16 peykdən heç biri hesablanmış orbitə çata bilməyib
İyulun 19-da ikinci partiya çərçivəsində orbitə buraxılan «Rassvet» rabitə peyklərinin heç biri avqustun sonuna qədər hesablanmış yüksəkliyə qalxa bilməyib. Oxuməni.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) N2YO xidmətinin məlumatlarına istinadən xəbər verir.
16 aparatın heç biri 550 km hündürlüyə qalxmayıb. Halbuki onların elan edilmiş işçi orbiti 870 km təşkil edir. Peyklərin əksəriyyəti 300–400 km yüksəklikdə qalır, bəzilərinin orbiti isə hələ də aşağı düşməkdədir. Ən azı iki aparat atmosferə yaxınlaşır və yana bilər. Daha aşağı yüksəklikdə atmosfer müqaviməti və yanacaq sərfiyyatının artması səbəbindən peyklərin xidmət müddəti azalır.
Martın 24-də buraxılan 16 peykdən 12-si 550 km hündürlüyə qalxa bilib. ISW-nin qiymətləndirməsinə görə, onlar işğal olunmuş Ukrayna ərazilərindəki Rusiya hərbçilərini sutkada iki rabitə seansı ilə təmin edir. Bu seansların ümumi müddəti bir saat yarıma qədərdir. Beləliklə, buraxılan 32 aparatdan yalnız 12-si, yəni 37,5 faizi sabit yüksəkliyə çata bilib.
«İKS Holdinq»in rəhbəri Aleksey Şelobkov bildirib ki, holdinqə daxil olan «Büro 1440» «Rassvet» qrupunu qrafikə uyğun, hətta qrafiki qabaqlamaqla yaradır. Onun sözlərinə görə, texnoloji risklər «idarəolunan və proqnozlaşdırıla bilən» olaraq qalır, daxili sınaqlar və istehlakçılarla testlər isə sentyabr əvəzinə avqust ayında başlayıb.
«Rassvet» Rusiyanın Starlink analoqu kimi yaradılır. İyunda hərbçilər Vladimir Putinə şikayət etmişdilər ki, Ukrayna Silahlı Qüvvələri dronların idarə olunması üçün peyk sistemindən istifadə edir. Putin isə cavabında Rusiyanın artıq Starlink-dən «heç nə ilə geri qalmayan», bəzi parametrlərinə görə isə onu üstələyən analoji sistemə malik olduğunu bildirmişdi. Layihənin məqsədi genişzolaqlı internetə çıxışı təmin etməkdir.
Almaz Həsənli




















































































