Sürixdə 36-cı Şnobel mükafatları təqdim edilib
İsveçrənin Sürix şəhərində “əvvəlcə güldürən, sonra isə düşündürən” elmi kəşflərə görə Şnobel mükafatlarının 36-cı təqdimetmə mərasimi keçirilib. Oxuməni.az xəbər verir ki, yayım tədbirin rəsmi internet saytında aparılıb.
Son 35 il ərzində mərasim Boston şəhərində keçirilirdi. Lakin bu il ilk dəfə Sürixdə baş tutub. Mükafatın təsisçisi və mərasimin aparıcısı Mark Abrahams bu qərarı xarici qonaqların təhlükəsizliyini təmin etmək cəhdi ilə izah edib.
Bu il Oksforddan olan bir qrup alim öpüşün yeni, “antropomərkəzçi olmayan” tərifini irəli sürüb. Tədqiqatçılar bu hərəkətin yalnız insanın dodaqları ilə etdiyi hərəkət kimi dar başa düşülməsindən uzaqlaşmaq istəyiblər. Nəticədə qarışqalara, quşlara və ağ ayılara da tətbiq oluna bilən universal tərif ortaya çıxıb. Bununla yanaşı, bu tərif öpüşü qidalandırma və ya yalama hərəkətindən aydın şəkildə fərqləndirir. Buna görə alimlərə biomexanika sahəsində Şnobel mükafatı verilib.
İqtisadiyyat sahəsində isə yüksək sosial təbəqənin nümayəndələrinin maddi vəziyyəti daha zəif olan insanlara qarşı daha çox hörmətsizlik nümayiş etdirdiyini sübut edən tədqiqatçılar fərqləniblər.
Kimya sahəsində Şnobel mükafatı xüsusi diri bala verən tarakan növü olan Diploptera punctata südünün zülallarının inək südündəkindən üç dəfə daha qidalı olduğunu müəyyən edən alimlərə təqdim edilib.
Fizika sahəsində “Şnobel” sidik sıçramalarının miqdarını azaldan pisuar ideyasını təqdim edən beynəlxalq alimlər qrupuna verilib.
Şnobel mükafatı nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatının yumoristik parodiyasıdır. Onun məqsədi elmə, tibbə və texnologiyalara marağı artırmaqdır.
Ötən il isə alimlərin dırnaqların uzanma sürətini araşdırdığı, kərtənkələləri pizza ilə bəslədiyi, sərxoş insanların dil qabiliyyətlərini yoxladığı və inəkləri zebra kimi görünmələri üçün boyadığı tədqiqatlar mükafatlandırılıb.
Almaz Həsənli




















































































