ICAO Ukraynanın müraciətindən sonra mülki təyyarələrin müdafiəsinə çağırıb

ICAO Ukraynanın müraciətindən sonra mülki təyyarələrin müdafiəsinə çağırıb

11:42
Bəyəndim (1) Bəyənmədim (0)

BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Ukraynanın Rusiya üzərində uçuşların təhlükəli olması ilə bağlı bəyanatından sonra bütün ölkələri mülki təyyarələrin münaqişə zonaları ilə bağlı risklərdən qorunması üçün daha ciddi öhdəliklər götürməyə çağırıb. Oxuməni.az xəbər verir ki, müvafiq bəyanat çərşənbə günü təşkilatın saytında dərc olunub. Qeyd edək ki, təşkilata 193 ölkə, yəni planetin demək olar ki, bütün dövlətləri daxildir.

ICAO bəyanatında birbaşa Rusiyanın və ya Ukraynanın adını çəkməsə də, bu çağırışı "dünyada mülki təyyarələrə qarşı silah tətbiqi təhlükəsinin artması", habelə bu cür hava gəmilərinin "hücum hədəfi ola biləcəyi və ya çarpaz atəşə düşə biləcəyi" riski ilə izah edib. Təşkilat təhlükə yaradan texnologiyalar sırasında xüsusilə dronları, uzaqmənzilli silah və hava hücumundan müdafiə (HHM) sistemlərini, həmçinin naviqasiya sistemləri üçün radio tezlikli maneələr yaradan qurğuları qeyd edib.

Bəyanatın mətnində deyilir: "Üzv dövlətlər müəyyən fəaliyyətlərin mülki hava gəmiləri üçün risk yaratdığı hallarda təhdidlər barədə məlumatları operativ şəkildə bölüşməli, risklərin qiymətləndirilməsi və vaxtında qərarların qəbul edilməsi mexanizmlərini gücləndirməli, habelə mülki hava gəmilərinin hərbi hədəf kimi səhvən identifikasiya edilməsinin qarşısını almaq üçün hərbi və mülki hakimiyyət orqanları arasında koordinasiyanı yaxşılaşdırmalıdırlar".

ICAO-nun bəyanatı dərc olunmazdan bir neçə saat əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevin Rusiya hava məkanının "hərbi fəallığın artması" səbəbindən təhlükəsiz olmadığı barədə təşkilatı rəsmi şəkildə məlumatlandırdığını bildirib. "Biz hamını bu məkandan qaçınmağa təkidlə çağırırıq", - deyə o qeyd edib.

Ukrayna hakimiyyətinin ICAO-ya müraciəti, Volodimir Zelenskinin 1 sentyabrda Rusiya üzərindəki hava məkanının Ukrayna dronları səbəbindən tədricən bağlanacağı barədə verdiyi açıqlamadan sonra baş verib. Rusiya hakimiyyəti bu barədə "düzgün məlumat vermir". Ukrayna prezidenti vurğulayıb ki, "Rusiya səması tamamilə təhlükəli hala gəlir". "Biz Ukraynada günahsız insanların həyatını itirməsini istəmirik. Buna görə də tərəfdaşlarımızı xəbərdar edirik", - deyə Zelenski əlavə edib.

Almaz Həsənli