Rubio: ABŞ Ukrayna ilə Patriot raketlərinin istehsalına dair lisenziyalar barədə danışıqlar aparır
ABŞ Ukrayna ilə Patriot zenit-raket kompleksləri üçün raketlərin istehsalına dair lisenziyaların verilməsi məsələsində danışıqlar aparır. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “The Brian Kilmeade Show” verilişinin efirində bildirib.
«Bu məsələ hazırda müzakirə olunur. Mənim artıq dediyim kimi, bu, tez həll olunacaq məsələ deyil. İstehsalın artırılması üçün, hətta lisenziya olduğu halda belə, zavodların tikintisinə bir neçə il vaxt tələb olunur. Bu, yüksək texnologiyalı silahdır. Məsələ müzakirə edilir və həyata keçirilə bilər, lakin bu, onların qeyd etdiyi qısamüddətli problemi həqiqətən həll etməyəcək», — deyə Rubio bildirib.
ABŞ dövlət katibi, həmçinin Vaşinqtonun Ukraynanın amerikalı tərəfdaşlara öz pilotsuz uçuş aparatları texnologiyalarından istifadə etməklə yardım göstərmək təklifindən imtina edib-etmədiyi barədə suala cavab verib.
«Əgər ABŞ üçün məntiqli olan bir razılaşma varsa, düşünürəm ki, biz belə sövdələşmələrə gedirik, onları müzakirə edirik və bütün bunlar hazırda iş prosesindədir. Hələlik bununla bağlı hər hansı açıqlamam yoxdur, lakin biz həmişə öz müdafiəmizi gücləndirməyin yollarını axtarırıq. Əgər kimsə bizimlə tərəfdaşlıq etmək və buna bənzər bir şey yaratmaq imkanına malikdirsə, biz, şübhəsiz ki, buna açıq olacağıq. Amma yenə də bunlar uzunmüddətli layihələrdir — onlar dərhal ortaya çıxacaq şeylər deyil», — deyə o cavab verib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov Ukraynaya Patriot zenit-raket kompleksləri üçün raket tədarükünün davam etdiyini təsdiqləyib. Lakin onun sözlərinə görə, Ukrayna 2026-cı ildə 2025-ci illə müqayisədə daha az raket alacaq.
Almaz Həsənli




















































































