ABŞ İrana zərbələr endirdi, Tehran isə Fars körfəzindəki Amerika bazalarına hücumlarla cavab verdi

ABŞ İrana zərbələr endirdi, Tehran isə Fars körfəzindəki Amerika bazalarına hücumlarla cavab verdi

11:35
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektlərinə, o cümlədən dəniz vasitələri və infrastrukturuna, hava hücumundan müdafiə mövqelərinə, radar sistemlərinə və rabitə obyektlərinə bir sıra zərbələr endirdiyini bəyan edib. Oxuməni.az xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.

"Bu zərbələr SEPAH-ın Hörmüz boğazındakı ticarət gəmilərinə və ABŞ hərbçilərinə qarşı son hücum cəhdlərinə cavab olaraq həyata keçirilib", - deyə məlumatda qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, "bu zərbələr genişmiqyaslı və güclüdür, iranlıların boğazda dəniz minaları yerləşdirmək cəhdinə", həmçinin İran hərbçilərinin İordaniyadakı hərbi bazaya səkkiz raket atmasına cavabdır. O, xəbərdarlıq edib ki, əgər İran bu "tamamilə əsaslı hücuma" cavab verməyə qərar verərsə, "daha güclü və genişmiqyaslı" zərbələr endiriləcək.

İran mediası ölkənin cənub rayonlarında, o cümlədən Bəndər-Abbas, Sirik, Konarak və Keşmdə partlayışlar barədə məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyəti Kuhestak limanında "toy mərasiminə" endirilən zərbə nəticəsində azı beş nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib.

SEPAH İordaniyanın Əqəbə körfəzi sahilində yerləşən ABŞ dəniz piyadaları bazasına raket zərbəsi endirdiyini, həmçinin İraqın Ərbil şəhəri yaxınlığındakı və Bəhreynin Şeyx İsa bazasındakı Amerika obyektlərinə hücum etdiyini bəyan edib. "Radio Farda"nın məlumatına görə, Bəhreyn, İordaniya və Küveyt hakimiyyəti İranın hücumunun qarşısının alındığını bildirib.

Almaz Həsənli