Nigerdə əsgərlər qiyam qaldırıb
Nigerin paytaxtı Niameydə hərbçilərin qiyam qaldırmasından sonra onlarla əsgər saxlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Associated Press" Nigerin dövlət televiziyasına istinadən məlumat yayıb.
Nigerdə iğtişaşlar avqustun 29-na keçən gecə başlayıb. "Reuters" agentliyinin məlumatına görə, paytaxtda hərbi aviabaza və prezident sarayı yaxınlığında partlayış və atışma səsləri eşidilib. Aviabaza Niamey hava limanında yerləşir; orada Sahel Dövlətləri Alyansının (Mali, Burkina-Faso və Niger) terrorla mübarizə bölmələri, həmçinin Rusiya Müdafiə Nazirliyinin "Afrika korpusu"nun hərbçiləri və italyan əsgərləri yerləşir.
Nigerdə hakimiyyətdə olan xuntadakı mənbə "Financial Times"a bildirib ki, qiyamçılar bir müddət milli televiziya və radio şirkətini ələ keçirə biliblər. Bundan sonra onlar prezident sarayına doğru hərəkət ediblər, lakin geri oturdulublar. Nigerin keçmiş diplomatı "The New York Times"a bildirib ki, hərbçilər aviabazanın yerləşdiyi hava limanını ələ keçirib və rusiyalı hərbçiləri girov saxlayıblar.
Bazar günü Niger hakimiyyəti baza üzərində nəzarəti bərpa etdiklərini elan edib. Dövlət telekanalı RTN saxlanıldığı ehtimal olunan gənc əsgərlərin kadrlarını nümayiş etdirib. AP-nin sitat gətirdiyi reportajda deyilir: "Döyüşlər bir neçə yerdə bir neçə saat davam edib, bu da [təhlükəsizlik qüvvələrinə] vəziyyəti tədricən nəzarət altına almağa, qiyam qaldıran əsgərləri həbs etməyə və zərərsizləşdirməyə imkan verib".
Almaz Həsənli



















































































