Kulevi neft emalı zavodu Rusiyadan gələn neftdən tamamilə imtina edib
Gürcüstanın qərbində yerləşən Kulevi neft emalı zavodu (NEZ) Rusiya xam neftinin emalından tamamilə imtina edib. Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstanın "bm.ge" internet nəşri məlumat yayıb.
Zavod Qazaxıstan və Liviya neftinin emalına keçib. Kulevi NEZ Liviya neftinin ilk partiyasını avqustun 28-də qəbul edib. 2026-cı ilin iyulunda Gürcüstan Qazaxıstandan 5,5 min ton xam neft idxal edib ki, bu da bütün dövr ərzində ilk belə hal olub.
Kulevi NEZ-in sahibi olan "Black Sea Petroleum" şirkəti 2026-cı il iyulun 31-də bildirib ki, avqust ayından etibarən Rusiya neftinin emalından tamamilə imtina etməyi planlaşdırır və Qazaxıstan ilə Liviyadan yeni xammal partiyaları gözləyir.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində Kulevi limanındakı neft emalı zavodunu "qara siyahı"ya salıb. Qeyd olunur ki, qadağa 2027-ci il yanvarın 25-də qüvvəyə minəcək. Əgər zavod bu müddət ərzində Rusiya neftindən imtina edərsə, Aİ zavoda qarşı sanksiyaların tətbiq olunmayacağına dair vəd verib.
Almaz Həsənli


















































































