İslandiya sakinləri Avropa İttifaqı ilə yaxınlaşmanın əleyhinə səs veriblər

İslandiya sakinləri Avropa İttifaqı ilə yaxınlaşmanın əleyhinə səs veriblər

10:09
Bəyəndim (0) Bəyənmədim (0)

İslandiyada keçirilən referendumda Aİ-yə üzv olmağın əleyhdarları qələbə qazanıblar.

İlkin məlumatlara görə, İslandiya hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq təklifini rədd edib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti milli radio RUV-yə istinadən məlumat yayıb.

Yerli media şirkəti RUV tərəfindən altı seçki dairəsindən beşində səslərin hesablanmasından sonra açıqlanan ilkin nəticələrə görə, hökumətin danışıqları bərpa etmək təklifini seçicilərin 47,5%-i dəstəkləyib, 52,5%-i isə əleyhinə səs verib.

Bülletenlərin 0,6 faizi etibarsız sayılıb, seçici fəallığı barədə hələlik məlumat yoxdur.

İslandiya 2009-cu il maliyyə böhranından sonra Aİ-yə üzv olmaq üçün müraciət etmişdi. Danışıqlar 2013-cü ildə, Reykyavikdə hakimiyyətə avroskeptik hökumət gəldikdən sonra dayandırılmışdı.

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək hədələri, Ukraynadakı müharibə, həmçinin artan inflyasiya və yüksək faiz dərəcələri bir çox islandiyalını öz mövqelərinə yenidən baxmağa məcbur edib. Lakin Aİ-yə üzv olmağa qarşı mənfi münasibət, xüsusilə ölkə üçün böyük əhəmiyyət kəsb edən balıqçılıq sənayesində hələ də üstünlük təşkil edir.

Üzvlük tərəfdarları qələbə qazanacağı təqdirdə, Brüssellə üzvlük sazişinin imzalanacağına ümid edirdilər. Daha sonra Avropa İttifaqına faktiki daxilolma ilə bağlı yeni referendum təşkil edilməli idi.

İslandiya Aİ üzvü olmasa da, Şengen zonasına, eləcə də 1 yanvar 1994-cü ildə yaradılmış və insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkətini nəzərdə tutan ümumi bazar məkanı olan Avropa İqtisadi Zonasına daxildir.

Almaz Həsənli