Norveç kralı V Harald vəfat edib
Norveç kralı V Harald 90 yaşında Oslo xəstəxanasında vəfat edib. Oxuməni.az xəbər verir ki, monarxın ölümü ilə bağlı məlumatı kral sarayının mətbuat xidməti rəsmən təsdiqləyib.
"Kral V Harald vəfat edib. Dərin kədərlə bildiririk ki, Əlahəzrət kral Harald bu gün dünyasını dəyişib", - rəsmi bəyanatda deyilir.
Monarx cari ilin 17 avqustunda xəstəxanaya yerləşdirilmişdi. Tibbi yardıma müraciət etməsinə səbəb infeksiya və hemolitik anemiya nəticəsində yaranan ağırlaşmalar olub. Xəstəxanaya yerləşdirildiyi andan kral həkimlərin daimi nəzarəti altında idi. Bir gün əvvəl kral dəftərxanası monarxın səhhətinin pisləşdiyini və vəziyyətinin "çox ağır" kimi qiymətləndirildiyini bildirmişdi.
Qlüksburqlar sülaləsinin nümayəndəsi olan V Harald 1991-ci ildən Norveç taxtında əyləşirdi. Vərəsəlik qanununa əsasən, Norveçin yeni monarxı onun oğlu — 53 yaşlı vəliəhd şahzadə Hokon olacaq.
V Harald 17 yanvar 1991-ci ildə atası V Olafın vəfatından sonra taxta çıxan Norveç kralıdır. O, son 500 ildən çox müddətdə ölkə ərazisində (Skaugum kral malikanəsində) doğulan ilk kraldır. Harald 21 fevral 1937-ci ildə vəliəhd şahzadə Olaf və isveçli şahzadə Martanın ailəsində dünyaya gəlib. İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının Norveçi işğal etməsi ilə əlaqədar, beş yaşlı Harald anası və bacıları ilə birlikdə ölkədən qaçmağa məcbur olub. Ailə əvvəlcə İsveçdə, sonra isə ABŞ-da sığınacaq tapıb və 1945-ci ildə müharibə bitənə qədər Vaşinqtonda yaşayıb. 1968-ci ildə Harald Norveç monarxı üçün görünməmiş bir addım ataraq, kral nəslindən olmayan, parça tacirinin qızı Sonya Haraldsen ilə evlənib. Bu izdivac uzun müddət kralın atası tərəfindən bəyənilməsə də, sonradan Avropa sülalələri arasında ən möhkəm ailələrdən birinə çevrilib. Bu evlilikdən iki övladları dünyaya gəlib.
Almaz Həsənli


















































































