Nepal və Tibetdə daşqın: 170-dən çox insan həlak olub, təxminən 1000 nəfər itkin düşüb, onların arasında turistlər də var
Çərşənbə günü Nepal və Çin sərhədində sel axınının baş verməsi nəticəsində qəfil daşqın meydana gəlib. Oxuməni az BBC-nin Rus xidmətinin məlumatına istinadla xəbər verir ki, Nepal hakimiyyətinin açıqlamasında ölkədə 165 nəfərin cəsədinin tapıldığı, 800-dən çox insanın isə itkin düşdüyü bildirilir. Çin KİV-lərinin məlumatına görə, Tibetdə ən azı 3 nəfər həlak olub, 558-dən çox insan itkin düşüb.
Nepalın Milli Təbii Fəlakət Risklərinin Azaldılması İdarəsi 826 nəfərin itkin düşdüyünü açıqlayıb. Bu rəqəmə təhlükəsizlik qüvvələrinin əməkdaşları, turistlər və yerli sakinlər daxildir.
Məlumatlara görə, itkin düşən turistlərin sayı 529 nəfəri ötür.
Polisin cümə axşamı səhər verdiyi məlumata görə, Çitvan rayonunda çayın aşağı axını istiqamətində yerləşən ərazilərdə 64 nəfərin cəsədi, Şərqi Nəvalparasi rayonunda isə daha 26 nəfərin cəsədi tapılıb.
Hadisədən bir neçə saat sonra, çərşənbə günü günorta Nepal tərəfi 579 turistin itkin düşdüyünü bildirmişdi. Onların 28 müxtəlif ölkədən olan 466 nəfəri əcnəbi vətəndaş idi. İtkinlər arasında 100-dən çox Nepal vətəndaşı, eyni sayda Hindistan vətəndaşı, 54 ABŞ vətəndaşı və 33 Britaniya vətəndaşı var.
Çin dövlət mediasının cümə axşamı səhər yaydığı məlumata görə, Tibetdə ən azı 3 nəfər həlak olub, 558-dən çox insan itkin düşüb. Onların arasında ən azı 260 xarici ölkə vətəndaşı var.
Onların hamısı daşqın zamanı Çin və Nepal arasında turistlərin və nəqliyyat vasitələrinin əsas sərhəd-keçid məntəqəsi olan Gyirong bölgəsində olublar.
Təbii fəlakətin baş verdiyi ərazi təşkil olunmuş turizm marşrutları baxımından o qədər də populyar deyil. Lakin ilin bu vaxtında Nepalda buddist və hindu zəvvarların sayı xüsusilə çox olur.
Fəlakət bölgəsində həm hinduların, həm buddistlərin, həm də caynistlərin müqəddəs hesab etdiyi iki ziyarət məkanı yerləşir. Bunlar Çinin Tibet ərazisində, Kaylaş dağı yaxınlığındakı Mansarovar gölü və Nepalın Rasuva bölgəsində yerləşən Qosaykunda gölüdür.
Hər il on minlərlə turist Nepal ərazisindən keçərək Mansarovar gölünə gedir.
Mansarovar gölünü ziyarət etmək və Qosaykunda gölündə çimmək ənənəvi olaraq məhz ilin bu dövründə həyata keçirilir.
Nepal Meteorologiya Mərkəzinin nümayəndələri BBC müxbirinə bildiriblər ki, peyk görüntülərinə əsasən, Tibetdəki dağ zirvələrindən birindən nəhəng buzlaq parçası qoparaq aşağıya düşmüş ola bilər.
Onların versiyasına görə, bunun nəticəsində aşağıya böyük miqdarda daş və qaya parçaları yuvarlanıb. Bu isə sürtünmə nəticəsində buzun əriməsi ilə müəyyən miqdarda suyun yaranmasına səbəb ola bilərdi. Daha sonra buz və qaya parçaları Lhende çayının qarşısını kəsmiş, çay isə sonradan yaranmış təbii bəndi yararaq sahillərindən çıxmışdı. Nəticədə palçıq və su kütlələri çayın aşağı axını istiqamətində sürətlə hərəkət edib.
Almaz Həsənli




























































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)



















