Boeing F-15 qırıcı proqramı çərçivəsində 131 milyard dollarlıq müqavilə bağlayıb

Boeing F-15 qırıcı proqramı çərçivəsində 131 milyard dollarlıq müqavilə bağlayıb

13:32
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ-ın "Boeing" korporasiyası ABŞ Müdafiə Nazirliyindən F-15 proqramı çərçivəsində F-15 Eagle qırıcılarının tədarükü və texniki xidməti üçün 131,23 milyard dollar dəyərində müqavilə alıb. Oxuməni.az-ın RBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ hərbi idarəsi bildirib.

Avqustun 24-də imzalanmış müqavilə çərçivəsində podratçı yeni təyyarələrin istehsalını və sistem inteqrasiyasını, həmçinin modernləşdirilməsini, əsaslı təmirini və xüsusi təmir bazalarının yaradılmasını təmin edəcək. Müdafiə Nazirliyindən vurğulanıb ki, bu tədbirlər ABŞ Hərbi Hava Qüvvələri, Milli Qvardiya və xarici alıcılar üçün aviasiyanın kritik döyüş imkanlarının qorunub saxlanmasına yönəlib.

Nazirlikdən qeyd edilib ki, müqavilə qırıcıların Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Sinqapur, İndoneziya və Polşaya satışını nəzərdə tutur.

Sifarişin baza müddəti 2031-ci ilin avqustunda başa çatır, lakin 2036-cı ilə qədər uzadılması imkanı var. Bütün öhdəliklərin yekun icrasının isə 2037-ci ilin avqustunda başa çatdırılması planlaşdırılır. Müdafiə Nazirliyindən əlavə edilib ki, ilkin mərhələdə 2026-cı maliyyə ilinin büdcəsindən elmi-tədqiqat və təcrübi-konstruktor işləri üçün artıq 343 740 dollar vəsait ayrılıb.

"Boeing" daha əvvəl İsraillə 25 ədəd yeni F-15IA təyyarəsinin tədarükü və əlavə 25 ədəd üçün opsion (seçim hüququ) ilə bağlı müqavilə bağlamışdı. Sövdələşmənin məbləği 8,6 milyard dollar qiymətləndirilirdi.

Almaz Həsənli