Bessent ABŞ-ın İranla müharibənin final mərhələsinə qədəm qoyduğunu bəyan edib
ABŞ hərbçiləri münaqişə zamanı İranın hərbi potensialını əhəmiyyətli dərəcədə zəiflədib, indi isə Tehranı "ən böyük maliyyə hücumu" gözləyir. Oxuməni az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Financial Times" qəzetində dərc olunan məqaləsində bildirib.
"Prezident Donald Tramp və silahlı qüvvələrimizin sarsıdıcı gücü İranın hərbi potensialını və onun nüvə proqramını əhəmiyyətli dərəcədə zəiflədib. İndi biz yekun mərhələyə qədəm qoyuruq. Sübh çağı iqtisadi "D-Day" (həlledici gün) başlayacaq – bu, bir düşmənə qarşı indiyədək həyata keçirilmiş ən böyük maliyyə hücumu olacaq", - deyə nəşrdə qeyd olunur.
Bessent qeyd edib ki, Trampın fəaliyyəti sayəsində İran rialı çox zəifləyib, ölkədə inflyasiya isə çox yüksək həddə çatıb.
"Rejimin son sığınacağı indi təcavüzlə barışmağın davamlı sülhü təmin edə biləcəyinə hələ də inanan qorxmuş ölkələrin özlərini aldatmasından ibarətdir", - deyə ABŞ-ın maliyyə naziri vurğulayıb.
O bildirib ki, "Tehrandan güzəştlər əldə etməyə çalışarkən, qorunma axtardıqları həmin rejimi maliyyələşdirməyə davam edən ölkələr" artıq "Amerika üçün məqbul olan hüdudları aşırlar".
Nazir belə bir fikir ifadə edib ki, İranın "tam maliyyə təcridi" ABŞ-ı "Amerika hərbi gücündən istifadə etmək zərurətindən xilas edə və müttəfiqlərimiz üçün azadlıq məkanını genişləndirə bilər".
"İranla qalan maliyyə və ticarət əlaqələrini kəsənlər özlərini gücləndirəcəklər. Tehranla əlaqə quranlar isə özlərini davamlı rifaha qovuşmaq imkanından məhrum edirlər", - deyə Bessent əlavə edib.
Onun sözlərinə görə, İrana dəstək verən hər bir ölkə onun təcridini bölüşməyə hazır olmalıdır.
"Dünya anlamalıdır ki, bizim məqsədimiz bu tiran rejimin dayandığı bütün iqtisadi telləri kəsmək və Tehranı öz problemləri ilə təkbətək qoymaqdır", - deyə ABŞ Maliyyə Nazirliyinin rəhbəri sözlərini yekunlaşdırıb.
Almaz Həsənli




























.jpg)
.jpg)
.jpg)




.jpg)

.jpg)


.jpg)

.jpg)
.jpg)
























.jpg)














