YouTube iri bloqerləri Netflix-lə mübarizədə öz tərəfində saxlamağa çalışır
YouTube Netflix-lə rəqabətdə bazar payını «qorumağa» çalışır və kontent yaradıcılarını platformada saxlamaq siyasətinə keçir. Videoplatforma eksklüziv müqavilələr qarşılığında nəhəng məbləğlər təklif edir, rəqibi ilə əməkdaşlıq edənlər üçün isə müəyyən məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən yazır.
Agentlik qeyd edir ki, uzun müddət YouTube və Netflix «fərqli dünyalarda» fəaliyyət göstərirdi. Lakin hazırda YouTube televiziya auditoriyasını və canlı yayımların hüquqlarını, o cümlədən NFL oyunlarının yayım hüquqlarını fəal şəkildə ələ keçirir. Netflix isə gənc auditoriyanı cəlb etmək üçün YouTube-un məşhur simalarından istifadə edir və onların videolarının həm YouTube-da, həm də öz striminq xidmətində eyni vaxtda yayımlanmasına görə ödəniş edir.
Agentliyin mənbələrinin məlumatına görə, bununla əlaqədar YouTube məşhur kanallara müəyyən müddət ərzində videoları yalnız öz platformasında yayımlamaq öhdəliyi qarşılığında «milyonlarla dollar» təklif edir. Ödənişlər müxtəlif formalarda həyata keçirilə bilər: proqramların birbaşa maliyyələşdirilməsi və ya müəlliflərə iri brend müqavilələrindən pay verilməsi. Bununla belə, rəsmi razılaşmalar hələ yekunlaşdırılmayıb.
Materialda bildirilir ki, YouTube yalnız bonuslar verməklə kifayətlənməyəcək, həm də «xəyanətə» görə cəza tətbiq etməyə hazırlaşır. Belə ki, Netflix-lə müqavilə imzalayan müəlliflərin əhatə dairəsi azaldıla bilər: YouTube onları marketinq kampaniyalarında və rəsmi tədbirlərində daha az tanıdacaq. Bundan əlavə, platforma həmin müəllifləri bəzi iri reklam müqavilələrindən əldə olunan gəlirlərin bölüşdürülməsindən kənarlaşdıra bilər.
“Bloomberg” vurğulayır ki, Netflix-in maliyyə təkliflərinə baxmayaraq, bütün müəlliflər əməkdaşlığa hazır deyil. Servis hazır videoların yayımdan bir neçə gün əvvəl təqdim edilməsini tələb edir ki, bu da bloqerlərin iş prosesinə həmişə uyğun gəlmir. Bundan başqa, Netflix müəlliflərdən videolarındakı müəyyən brend inteqrasiyalarını silməyi tələb edir. Bu isə onların adətən əldə etdikləri gəlirin bir hissəsindən məhrum olmalarına səbəb ola bilər.
İyul ayında “The Wall Street Journal” Netflix-in birbaşa televiziya kanallarını işə salmağı və öz tətbiqi vasitəsilə digər striminq xidmətlərinə abunəliklər satmağı düşündüyünü yazmışdı. Şirkət həmçinin qısa videolar, podkastlar və idman yayımları da daxil olmaqla yeni kontent formatlarını araşdırır.
Almaz Həsənli



















































































