Şahzadə Harri və Meqan Britaniyaya qayıdır
Sasseks hersoqu və hersoginyası kral vəzifələrindən imtina edib ABŞ-a köçmələrindən altı il sonra Böyük Britaniyaya qayıtmağı planlaşdırırlar. Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu barədə ilk dəfə "Daily Telegraph" və "Sun" qəzetləri məlumat yayıb. Onların məlumatına görə, şahzadə Harri və həyat yoldaşı Meqan avqustun sonunda Kaliforniyadan Böyük Britaniyaya — Londondan kənarda yerləşən kral iqamətgahı olmayan şəxsi bir evə köçmək niyyətindədirlər.
Onların övladları, yeddi yaşlı şahzadə Arçi və beş yaşlı şahzadə Lilibet sentyabr ayında Britaniya məktəbində təhsilə başlamalıdırlar.
BBC News-un məlumatına görə, Kral III Çarlza köçmə planı barədə bazar günü məlumat verilib. Hazırda şahzadə Harri və ya Meqanın kral ailəsinin üzvü kimi vəzifələrinə qayıtması ilə bağlı heç bir plan yoxdur.
Şahzadə Harrinin nümayəndəsi və Bukingem sarayı hələlik bu barədə şərh verməyib. "Reuters" agentliyinin yazdığına görə, cütlüyə yaxın bir mənbə xəbərlərin doğruluğunu təsdiqləyib.
Sasseks hersoqu və hersoginyası övladları ilə birlikdə iyul ayında krala baş çəkmişdilər, lakin bu görüş zamanı onların köçməsi müzakirə olunmamışdı.
BBC-nin məlumatına görə, III Çarlz ötən həftəsonuna qədər onların köçəcəyindən xəbərsiz olub, lakin o, şahzadənin ailəsi ilə şəxsi qaydada daha tez-tez görüşmək imkanından məmnundur.
Şahzadə Harri və Meqanın rəsmi statuslarının bərpası gözlənilmir, onlar özəl şəxslər olaraq qalacaqlar.
Şahzadə Harri və Meqan 2020-ci ilin yazında Böyük Britaniyanı tərk edərək kral vəzifələrini icra etməyi dayandırmışdılar.
Almaz Həsənli



















































































