Tramp bu payız Kim Çen In ilə görüşmək istəyir

Tramp bu payız Kim Çen In ilə görüşmək istəyir

11:32
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Pxenyanın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün payızda Şimali Koreya lideri Kim Çen In ilə görüşməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, görüş noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti zamanı baş tuta bilər. WSJ-nin mənbələri qeyd edir ki, görüşlə bağlı rəsmi hazırlıqlar hələ başlamayıb.

Daha əvvəl Tramp ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimlərinin miqyasının azaldıldığını elan etmiş və KXDR liderinə sülh sazişi bağlamağı təklif etmişdi.

Kim və Donald Tramp Amerika liderinin ilk prezidentlik müddəti ərzində üç dəfə görüşüblər, lakin KXDR-in nüvə infrastrukturunun ləğvi ilə bağlı danışıqlar dalana dirənib. Stenford Universitetinin Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin Pxenyanın nüvə proqramı üzrə eksperti Ceffri Lyuis WSJ-yə müsahibəsində qeyd edir ki, Şimali Koreyanın nüvə arsenalı o vaxtdan bəri əhəmiyyətli dərəcədə artıb.

"Nümayiş etdirilən yüzlərlə buraxılış qurğusuna və illik istehsal olunan plutonium və yüksək zənginləşdirilmiş uranın artan həcminə əsasən, Şimali Koreyanın arsenalı hazırda, çox güman ki, bir neçə yüz ədəd təşkil edir", - deyə Lyuis bildirib.

2025-ci ildə Donald Tramp artıq Asiyaya səfəri zamanı Kim Çen In ilə danışıqlar aparmaq istədiyini bildirmişdi. Amerikalı rəsmilərin sözlərinə görə, Pxenyan görüşə hazır olduğunu bildirsə də, onu qısa müddətdə təşkil etmək mümkün olmamışdı. Daha sonra Tramp bəyan etmişdi ki, belə bir sammit onun Çin lideri Si Cinpin ilə Cənubi Koreyada planlaşdırılan görüşünü kölgədə qoya bilərdi.

Almaz Həsənli