Azərbaycan Bakıdan Rusiya sərhədinədək dəmir yolunu yeniləyəcək

Azərbaycan Bakıdan Rusiya sərhədinədək dəmir yolunu yeniləyəcək

16:18
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanda Biləcəri–Yalama dəmir yolu xəttinin təmir edilməsi planlaşdırılır. Asiya İnkişaf Bankı (AİB) bu dəmir yolu sahəsində elektrikləşdirmə layihəsinin idarə olunması, həmçinin siqnalizasiya və telekommunikasiya sistemlərinin modernləşdirilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə maliyyə institutunun mətbuat xidməti məlumat yayıb.

Məsləhətçi müqaviləsinin təxmini dəyəri 2,088 milyon dollar təşkil edəcək. İlkin məlumata görə, işlər 2027-ci il fevralın 1-də başlayacaq və 54 ay davam edəcək.

Layihənin həyata keçirilməsi üçün AİB 325 milyon dollar məbləğində kredit ayıra bilər. Bankın krediti gələn ilin iyununda təsdiqləməsi gözlənilir. Kredit təşkilatı tərəfindən layihənin araşdırılması 2026-cı il yanvarın 26-dan 30-dək aparılıb.

Layihə AİB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdiriləcək.

Qeyd edək ki, Biləcəri stansiyası Azərbaycanın əsas dəmir yolu qovşaqlarından biridir və Bakının Binəqədi rayonunda yerləşir. Yalama stansiyası isə Azərbaycanın Xaçmaz rayonunun eyniadlı qəsəbəsində, Rusiya ilə dövlət sərhədindən 3 kilometr məsafədə yerləşir.

Biləcəri –Yalama dəmir yolu xəttinin uzunluğu təxminən 192 kilometrdir və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkibinə daxildir.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard dollar investisiya yatırıb. Bunun 1,5 milyard dolları nəqliyyat sektoruna yönəldilib.

AİB yeni tərəfdaşlıq strategiyası çərçivəsində Azərbaycana 2,5 milyard dollara qədər maliyyələşmə ayırmağı planlaşdırır.

Almaz Həsənli