ABŞ İraqdakı bütün qoşunlarını çıxaracaq: yekun tarix açıqlandı
ABŞ 2003-cü ildəki işğaldan sonra ölkədə başlayan hərbi mövcudluğuna son qoyaraq, sentyabrın 30-dək bütün qoşunlarını İraqdan çıxarmağı planlaşdırır. Oxuməni az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, 2024-cü ildə Vaşinqton və Bağdad ABŞ-ın rəhbərliyi altında "İslam Dövləti" (İŞİD) qruplaşmasına qarşı yönəlmiş daha kiçik miqyaslı əməliyyatları tədricən dayandırmaq barədə razılığa gəliblər.
2025-ci ildə Amerika hərbçiləri İraqın əksər bölgələrindəki bazaları tərk etsələr də, ölkənin şimalındakı yarımuxtar kürd bölgəsində qalmaqda davam ediblər. Eyni zamanda, fevralın 28-dən, yəni ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından bəri, bu regiondakı Amerika obyektləri mütəmadi olaraq hücumlara məruz qalıb.
Çərşənbə günü, avqustun 12-də İraqın Baş naziri Əli əl-Zeydi ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edən admiral Bred Kuperlə görüşüb.
Görüşdən sonra əl-Zeydi bəyan edib ki, sentyabrın 30-u İŞİD-in məğlub edilməsi üzrə Qlobal Koalisiyanın İraqdakı hərbi missiyasının başa çatması və qoşunların tam çıxarılması üçün yekun tarix olacaq.
"Sentyabrın 30-u İŞİD-in məğlub edilməsi üzrə Qlobal Koalisiyanın İraqdakı hərbi missiyasının başa çatması və qoşunların çıxarılmasının tamamlanması üçün yekun və qəti tarixdir", - deyə o bildirib.
Amerika tərəfinin nümayəndələrindən biri "ABC News"a təsdiqləyib ki, ABŞ qoşunların çıxarılmasını sentyabrın 30-dək başa çatdırmağı nəzərdə tutur. Bununla belə, o, İraqda nə qədər Amerika hərbçisinin qaldığını və onların hara köçürüləcəyini açıqlamayıb.
Almaz Həsənli


















.jpg)
































































