Rusiya Federasiyasının Gürcüstana müdaxiləsinin başlamasından 18 il ötür

Rusiya Federasiyasının Gürcüstana müdaxiləsinin başlamasından 18 il ötür

11:22
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya-Gürcüstan müharibəsinin başlamasından 18 il ötür. 2008-ci il avqustun 7-də Rusiya qoşunları Gürcüstan ərazisinə müdaxiləyə başlayıb.

Oxuməni.az xəbər verir ki, müharibə nəticəsində 228 mülki şəxs, 170 hərbçi və 14 polis əməkdaşı həlak olub. Təxminən 150 min insan evlərini tərk etmək məcburiyyətində qalıb və onların bir çoxu hələ də məcburi köçkün kimi yaşayır.

2008-ci ilin avqust hadisələri bir neçə beynəlxalq məhkəmə instansiyasında araşdırma mövzusu olub.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası 2021-ci ildə "Gürcüstan Rusiyaya qarşı" işi üzrə qərarında təsdiqləyib ki, aktiv hərbi əməliyyatlar dayandırıldıqdan sonra Rusiya Abxaziya və Sxinvali regionu üzərində effektiv nəzarəti həyata keçirib. Məhkəmə, həmçinin insan hüquqlarının pozulmasına, o cümlədən gürcü əhalisinə qarşı etnik təmizləmələrə, qanunsuz qətllərə, işgəncələrə və qəddar rəftara görə məsuliyyəti Moskvanın üzərinə qoyub.

2008-ci il müharibəsi zamanı törədilmiş cinayətləri Beynəlxalq Cinayət Məhkəməsi də araşdırıb. Haaqa üç keçmiş cənubi osetiyalı vəzifəli şəxsin – Mixail Mindzayev, Hamlet Quçmazov və David Sanakoyevin həbsinə order verib. Onlar gürcü mülki şəxslərin qanunsuz saxlanılması, işgəncəyə məruz qalması və məcburi köçürülməsində şübhəli bilinirlər.

Moskva münaqişəyə yalnız 2008-ci il avqustun 8-də – gürcü tərəfinin Sxinvalini atəşə tutmasından sonra qoşulduğunu iddia edir. Lakin çoxsaylı faktlar Rusiya bölmələrinin regionda artıq avqustun 7-də peyda olduğunu sübut edir.

Avqustun 12-də Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə Moskvada hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalanıb. Lakin Rusiya bu sənədin əsas şərtini hələ də yerinə yetirmir: öz qüvvələrini müharibədən əvvəlki mövqelərinə qaytarmaqdan imtina edir.

2008-ci il müharibəsi nəticəsində Gürcüstan ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr kəsilib.

Almaz Həsənli