Tramp doğumla vətəndaşlığın məhdudlaşdırılması və “doğum turizmi”nin qadağan edilməsi barədə fərmanlar imzalayıb

Tramp doğumla vətəndaşlığın məhdudlaşdırılması və “doğum turizmi”nin qadağan edilməsi barədə fərmanlar imzalayıb

11:33
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp doğumla vətəndaşlıq hüququnun məhdudlaşdırılması və “doğum turizmi”nin qadağan olunmasını nəzərdə tutan iki icra fərmanı imzalayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Ağ evin rəsmi veb saytındakı məlumatında bildirilir.

Sənədlər ABŞ Ali Məhkəməsinin prezidentin bu konstitusion təminatı məhdudlaşdırmaq cəhdini rədd etməsindən bir qədər artıq – təxminən bir ay sonra imzalanıb. Yeni fərmanlar Ağ evin fikrincə, doğumla ABŞ vətəndaşlığı almamalı olan uşaqların kateqoriyalarını genişləndirir, həmçinin “doğum turizmi”nin qarşısını almağı hədəfləyir.

Əvvəllər ABŞ ərazisində doğulan bütün uşaqlar, xarici monarxların, diplomatların, ölkədə işğal məqsədilə olan xarici hərbçilərin övladları, xarici gəmilərdə doğulan uşaqlar və yerli amerikalıların (hinduların) övladları istisna olmaqla, ABŞ vətəndaşlığı almaq hüququna malik idilər.

İndi isə siyahıya “xarici terror təşkilatları”nın üzvlərinin uşaqları, həmçinin “xarici hökumətlərin maraqlarını müdafiə edən və onların adından fəaliyyət göstərən geniş kateqoriyadan olan şəxslər”in uşaqları da əlavə edilib. Lakin sonuncu kateqoriyaya konkret olaraq kimlərin aid olduğu dəqiqləşdirilməyib. Bundan başqa, vətəndaşlıq əldə etmək üçün saxtakarlıq etdikləri müəyyən edilən əcnəbilər də siyahıya daxil edilib.

“Onlar doğum hüququ əsasında vətəndaşlığı məsxərəyə çeviriblər. İnsanlar bunun üzərində biznes qururlar. Belə olmamalıdır. Bu, biabırçılıqdır. Onlar vətəndaşlığı pulla əldə edirlər və biz buna imkan verməyəcəyik”, – deyə Tramp “doğum turizmi”nə qarşı yönəlmiş fərmanı şərh edərkən jurnalistlərə bildirib.

Miqrasiya Siyasəti İnstitutunun məlumatına görə, siyahıyaalma əsasında aparılan maksimal qiymətləndirmələr göstərir ki, hər il ABŞ-da “doğum turizmi” çərçivəsində 22–26 min körpə dünyaya gəlir. Bununla belə, 2024-cü ilə aid rəsmi hökumət statistikası xarici ünvanı olan analardan cəmi 9,6 min doğuş qeydə alıb.

Maraqlıdır ki, Donald Trampın atası Fred Trampın özü ABŞ-da doğulub, baxmayaraq ki, onun anası Elizabet həmin vaxt ABŞ vətəndaşı olmayıb. O, həyat yoldaşı ilə birlikdə hamiləliyinin beşinci ayında Almaniyadan Nyu-Yorka köçmüşdü.

Almaz Həsənli