ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib

10:41
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi əvvəlki yüksək səviyyəyə qayıdıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ Senatının bir neçə üzvünə istinadən məlumat yayıb. Kəşfiyyat Komitəsinin üzvü və Kiyevə yardımın artırılmasının uzun müddətdir tərəfdarı olan Virciniya ştatından demokrat senator Mark Uorner bildirib: "Təfərrüata varmaq istəmirəm, lakin vəziyyət yaxşılaşıb".

Respublikaçı senatorlar Con Kornin (Texas ştatının təmsilçisi) və Rocer Uiker (Missisipi ştatı) – sonuncu Senatın Silahlı Qüvvələr Komitəsinə rəhbərlik edir – qeyd ediblər ki, Vaşinqton və Kiyev arasında kəşfiyyat mübadiləsi strateji cəhətdən vacib bir məqamda aktivləşib. Kornin deyib: "Hamı qalibləri sevir və görünür, Ukrayna hadisələrin gedişatını dəyişib". Virciniya ştatından demokrat senator, Silahlı Qüvvələr Komitəsinin üzvü Tim Keyn də Ukrayna ilə ABŞ arasında məlumat mübadiləsinin aktivləşməsi əlamətlərini müşahidə etdiyini bildirib.

"Politico" qeyd edir ki, bu, Rusiya ilə müharibənin bitməsi ilə bağlı danışıqların dalana dirəndiyi bir vaxtda baş verir. Trampın xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin daxil olduğu danışıqlar qrupu İranla müharibəni bitirməyə çalışmaqla məşğuldur və Ukrayna prioritetlər siyahısında daha aşağı pillədə qalıb. Bununla belə, nəşrin ehtimalına görə, Kiyevin Moskva ilə qarşıdurmada uğurlar qazanması nəticəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin nüfuzu Trampın gözündə artıb.

Almaz Həsənli