Durov Apple-ın Telegram-ı niyə App Store-dan sildiyini izah edib
Telegram messencerinin yaradıcısı Pavel Durov tətbiqin avqustun 4-ü, çərşənbə axşamına keçən gecə App Store-dan müvəqqəti olaraq silinməsinə münasibət bildirib. Oxuməni az xəbər verir ki, bir neçə saat sonra Durov özünün şəxsi Telegram kanalında vəziyyəti ətraflı izah edən bir yazı dərc edib.
İş adamının sözlərinə görə, Apple-ın bu qərarına səbəb Telegram istifadəçilərindən birinin ictimai çatda "qanunsuz pornoqrafik məzmun" ilə bağlı etdiyi şikayət olub. Lakin Pavel Durovun əmin etdiyinə görə, şikayəti yazan şəxsin özü artıq göndərilmiş mesajları redaktə etmək imkanından istifadə edərək həmin məzmunu yerləşdirən şəxs olub.
"Cinayətkar texniki hiyləyə əl atmalı olub. O, aktiv qrup çatında köhnə mesajı redaktə edərək, süni intellekt vasitəsilə yaradılmış qanunsuz məzmunu yerləşdirib. Nəticədə, bu məzmun qrup üzvlərindən faktiki olaraq gizlədilib, bu da onların onu görməsinə və pozuntu barədə vaxtında məlumat verməsinə mane olub", - deyə Durov yazır.
Telegram-ın sahibinin sözlərinə görə, cinayətkarın məqsədi şantaj olub: "Belə insanlar qrup sahiblərindən pul tələb edir və icmalarına hücum etməklə hədələyirlər. Şantajçılar qanunsuz məzmunu ictimai qruplarda yerləşdirmək üçün avtomatlaşdırılmış hesablardan (yəni botlardan - red.) istifadə edir, sonra isə pul ödəməkdən imtina edən qrup sahiblərinin icmalarının silinməsinə nail olmaq üçün birbaşa Apple-a şikayət edirlər".
Telegram-ın yaradıcısı bildirib ki, qanunsuz məzmunu yerləşdirən cinayətkarlar Apple-dan sərt reaksiya almağa nail olublar və o, şirkətin Telegram-ı App Store-dan silməzdən əvvəl messencerin nümayəndələri ilə əlaqə saxlamamasından gileylənib. Onun sözlərinə görə, belə bir hal onlayn mağazadakı istənilən tətbiqin başına gələ bilər.
Daha əvvəl Apple-ın nümayəndəsi Telegram-ın müvəqqəti silinməsini şərh edərkən izah edib ki, qanunsuz məzmun yoxlama zamanı aşkar edilib. "Biz uşaqların cinsi istismarı ilə bağlı materialları qadağan edən ciddi qaydalarımızı pozan məzmunu yoxlama zamanı aşkar etdikdən sonra Telegram-ı qısa müddətə App Store-dan sildik". Apple-da qeyd ediblər ki, məzmun silindikdən və onu yerləşdirən istifadəçi bloklandıqdan sonra tətbiq mağazaya qaytarılıb.
Durovun sözlərinə görə, qanunsuz pornoqrafiya Telegram üçün "sistemli bir problem deyil" və onun moderasiya sistemi effektivdir.
Almaz Həsənli



















































































