"Hizbullah" lideri Suriya rəhbərliyi ilə görüşməyə hazır olduğunu bəyan edib
Livanın "Hizbullah" hərəkatının baş katibi Naim Qasım Suriya rəhbərliyi ilə görüşün keçirilməsi üçün heç bir maneə görmədiyini bildirib və tərəflərin qarşılıqlı razılığı əsasında belə bir dialoqa hazır olduğunu ifadə edib. Oxuməni.az xəbər verir ki, "Al Arabiya" telekanalının məlumatına görə, o, bu barədə televiziya müraciətində bildirib.
"Hizbullah" ilə Suriya rəhbərliyi arasında görüş üçün heç bir maneə yoxdur və belə bir görüş hər iki tərəfin qarşılıqlı qiymətləndirməsi və razılığı əsasında uyğun vaxtda baş tutacaq", - deyə Qasım qeyd edib. Onun sözlərinə görə, sabit Suriya Livan üçün dəstək amilidir, sabit Livan isə öz növbəsində Suriya üçün strateji dayaq rolunu oynayır.
Bu bəyanat Livan-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsində Dəməşqin rolunun gücləndirilməsi ilə bağlı xəbərlər fonunda səslənib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Suriya rəhbərliyinin "Hizbullah"a qarşı mübarizədə iştirakını istisna etmədiyini bildirib və Suriya prezidenti Əhməd əş-Şəra ilə yaxşı münasibətlərinin olduğunu qeyd edib. Trampın sözlərinə görə, Suriya lideri "müdaxilə etmək və "Hizbullah" ilə bağlı nəsə etmək istəyə bilər".
Son aylar ərzində Suriyanın yeni rəhbərliyi Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra regional dövlətlər və beynəlxalq tərəfdaşlarla münasibətləri bərpa etmək məqsədilə aktiv xarici siyasət kampaniyası aparır. Bununla belə, Suriya nümayəndələri ilə "Hizbullah" arasında mümkün görüş barədə hələlik rəsmi təsdiq daxil olmayıb.
Almaz Həsənli



















































































