Ermənistanı borclarına görə KTMT-də səsvermə hüququndan məhrum etmək istəyirlər
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərarın qəbul edilməsi konsensus tələb edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının təşkilat yanındakı daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti-yə açıqlamasında bildirib.
O, noyabrın 11-də Moskvada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının keçiriləcəyini və orada dövlət başçılarının Ermənistanın təşkilatdan xaric edilməsi məsələsini müzakirə edə biləcəklərini qeyd edib.
"Bu məsələ ilə bağlı qərar, əgər tələb olunarsa, konsensus yolu ilə qəbul ediləcək", - deyə Vasilyev vurğulayıb.
Daimi nümayəndə qeyd edib ki, KTMT Nizamnaməsinin 25-ci maddəsində təşkilata olan borcların iki il ərzində ödənilmədiyi təqdirdə, dövlət vətəndaşlarının kvota vəzifələrinə irəli sürülməsi hüququnun, eləcə də təşkilatın orqanlarında səsvermə hüququnun dayandırılması imkanı nəzərdə tutulub.
Onun sözlərinə görə, Ermənistanla bağlı bu vəziyyət de-fakto artıq iki ildən çoxdur ki, mövcuddur, çünki İrəvan öz vətəndaşlarını KTMT Katibliyindəki kvota vəzifələrinə irəli sürmür, həmçinin öz nümayəndələrini KTMT-nin Birləşmiş Qərargahından geri çağırıb.
2024-cü ildə İrəvan KTMT-dəki iştirakını dondurub. Bu qərarı şərh edən respublikanın baş naziri Nikol Paşinyan bildirib ki, onun fikrincə, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Ermənistana münasibətdə yerinə yetirilməyib". KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Almaz Həsənli



















































































