Tramp ABŞ-ın Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verəcəyinə "əmin deyil"

Tramp ABŞ-ın Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verəcəyinə "əmin deyil"

15:33
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verilib-verilməyəcəyinə hələ qərar verməyib. Oxuməni.az xəbər verir ki, o, bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışaraq, Vaşinqton və Kiyev arasında əvvəllər elan edilmiş razılaşmaların hələ yekunlaşmadığını vurğulayıb.

Jurnalistlərlə telefon danışığında Tramp deyib ki, ABŞ-ın Ukraynaya raketlərin istehsalı üçün lisenziya verməsi məsələsinə hələ də baxılır və o, bu barədə "əmin olmadığını" bildirib.

“Bu, son dərəcə müstəsna silahdır və biz lisenziyaları kimə verdiyimiz məsələsində bir qədər ehtiyatlı olmalıyıq. Ümumiyyətlə, biz silah istehsalına lisenziya vermirik”, – deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda əsas diqqəti Rusiya ilə Ukrayna arasında davam edən genişmiqyaslı müharibənin dayandırılmasına yönəlib.

“Sadə desək, biz Ukrayna ilə Rusiya arasındakı müharibənin bitməsini istəyirik. Mənim məqsədim raketlər deyil. Məqsədimiz sülhdür”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, onun xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff yaxın günlərdə ilk dəfə Ukraynaya səfər edəcəklər.

Qeyd edək ki, iyulun əvvəlində Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Donald Tramp Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verəcəyini açıqlamışdı.

İyulun 28-də Tramp və Zelenski Vaşinqtonda yenidən görüşüblər. Ukrayna prezidenti görüşü “yaxşı” adlandırıb və bildirib ki, danışıqlarda Patriot raketlərinin istehsalı üçün lisenziya məsələsi müzakirə olunub. Tramp da öz növbəsində görüşün “çox yaxşı keçdiyini” söyləyib.

Almaz Həsənli