Yüzlərlə miqrant Mərakeşdən İspaniyanın Seuta anklavına daxil olub
İspaniya hökuməti, cümə axşamı Mərakeş tərəfdən gələn miqrantların şəhər ətrafındakı hasarları aşmasından sonra, Şimali Afrikadakı Seuta anklavında polisə dəstək üçün ordu bölmələrini göndərib. İtaliya İspaniyadan gələn şəxslərə qarşı sərhəd rejiminin tətbiqi məsələsinə baxır.
Oxuməni az xəbər verir ki, İspaniyanın dövlət telekanalı TVE sərhədi 2 mindən 3 minə qədər insanın keçdiyini bildirib. İspaniyanın Mülki Qvardiyası bu rəqəmləri təsdiqləməyib. RTVE teleşirkətinin məlumatına görə, son iki həftə ərzində Seutaya əsasən gənc mərakeşlilərdən ibarət 1,5 mindən çox insan gəlib.
Yayımlanan video görüntülərdə yüzlərlə miqrantın üzərək və ya rezin dairələrlə suda hərəkət etdiyi, həmçinin quruda darvazaları sındıraraq Seuta şəhərinə doğru qaçdığı əks olunub. Onlardan bəziləri "Yaşasın İspaniya!" deyə qışqırırdılar.
Mərakeşin şimal sahilində yerləşən Seuta materik İspaniyadan Cəbəllütariq boğazı ilə ayrılır və uzun müddətdir ki, Avropaya çatmağa çalışan miqrantlar üçün hədəf nöqtəsidir.
İspaniyanın Ali Məhkəməsi iyulun əvvəlində qərar verib ki, Seutaya çatmağa çalışarkən dənizdə saxlanılan miqrantlar, hakimiyyətə sərhəd hasarlarını keçməyə çalışarkən tutulan şəxsləri dərhal geri göndərməyə imkan verən sadələşdirilmiş qaydada geri qaytarıla bilməzlər. İspaniya hökuməti iddia edir ki, "bu qərarın mafiya və cinayətkar təşkilatlar tərəfindən istifadə edilməsi" miqrasiya axınının artmasına səbəb olub.
AFP jurnalistinin sözlərinə görə, cümə axşamı axşam saatlarında İspaniyanın Seuta şəhəri ilə sərhədin açılması barədə şayiələr yayıldıqdan sonra yüzlərlə insan Mərakeşin şimalındakı Fnideq şəhərinə axın edib.
Rəsmi məlumatlara görə, cümə axşamı doqquz cəsəd aşkar edilib ki, bununla da son aylarda Seutaya keçməyə çalışarkən həlak olan miqrantların sayı 60-a çatıb.
İspaniyanın Baş naziri Pedro Sançes cümə günü daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya səfər edəcək. Onun dəftərxanasının məlumatına görə, təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşlər gözlənilir.
Almaz Həsənli



















.jpg)
































































