Tramp HƏMAS-ın tərksilah edilməsi ilə bağlı "tarixi" razılaşma elan etdi
ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi Sülh Şurasının (Board of Peace) Qəzza zolağında HƏMAS və digər silahlı qruplaşmaların mərhələli şəkildə tərksilah edilməsi ilə bağlı "tarixi razılaşma"ya nail olduğunu bəyan edib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, bu, müharibənin dayandırılması və yeni Fələstin hökumətinin yaradılması istiqamətində mühüm addım olacaq.
Tramp bildirib ki, tərksilah prosesi başa çatdıqdan sonra İsrail qoşunları Qəzza zolağını tərk edəcək. Plana əsasən, əvvəlcə silahlar polisə təhvil veriləcək, daha sonra ağır silahlar, sursat anbarları və tunellər şəbəkəsi təhvil alınacaq, son mərhələdə isə şəxsi silahlar təslim ediləcək. Razılaşmanın icrasına beynəlxalq qüvvələr nəzarət edəcək və bütün prosesin 200-350 gün çəkə biləcəyi nəzərdə tutulur.
Bununla belə, nə HƏMAS, nə də İsrail hakimiyyəti hələlik razılaşmanı rəsmən təsdiqləməyib. Amerika mediasının məlumatına görə, tərəflər hələ bir sıra detalları razılaşdırmalıdırlar və İsrail qoşunlarının çıxarılma müddəti danışıqlar mövzusu olaraq qalır.
Həmçinin, İsrail mediasının məlumatına görə, təşəbbüs bütün Fələstin fraksiyaları tərəfindən vətəndaş sülhü haqqında sazişin imzalanmasını nəzərdə tutur ki, bu da münaqişə başa çatdıqdan sonra daxili zorakılığın və qisas aktlarının qarşısını almalıdır.
Almaz Həsənli


















.jpg)




















































.jpg)












