Çində ilk dəfə yeni sərnişin təyyarəsi havaya qalxdı

Çində ilk dəfə yeni sərnişin təyyarəsi havaya qalxdı

14:31
Bəyəndim (1) Bəyənmədim (0)

Şanxayda yüksək dağlıq hava limanlarında istismar üçün hazırlanmış Çin istehsalı COMAC C919 sərnişin təyyarəsinin yeni modifikasiyası ilk sınaq uçuşunu həyata keçirib. Oxuməni az xəbər verir ki, bu barədə “Aerotime” məlumat yayıb.

C919-600 prototipi havada 1 saat 59 dəqiqə qalıb. Planlaşdırılmış bütün sınaq tapşırıqları uğurla yerinə yetirilib.

Yüksək dağlıq ərazilər üçün nəzərdə tutulan bu versiya standart model əsasında hazırlanıb, lakin böyük yüksəkliklərdə yerləşən hava limanlarında istismarı təmin etmək məqsədilə bir sıra təkmilləşdirmələrə məruz qalıb. Əsas dəyişikliklərə qısaldılmış fyuzelyaj və böyük hündürlüklərdə işləmək üçün uyğunlaşdırılmış modernləşdirilmiş bort sistemləri daxildir.

Təyyarənin fyuzelyajı altı şpanqout qədər qısaldılıb. Bu, təyyarənin çəkisini azaltmağa və yüksək dağlıq hava limanlarında istismar göstəricilərini yaxşılaşdırmağa imkan verib.

Oturacaq sayı da azaldılıb. Yeni model 140–160 sərnişin daşımaq üçün nəzərdə tutulub. Standart C919 isə salonun konfiqurasiyasından asılı olaraq 158–192 sərnişin qəbul edə bilir.

C919-600 modeli Tibet Airlines aviaşirkəti ilə birgə hazırlanıb. Şirkət bu modelin ilk sifarişçisidir. Təyyarə Çinin Tibet Muxtar Rayonunda, dünyanın ən yüksək dağlıq hava limanlarının yerləşdiyi bölgədə uçuşlar həyata keçirmək üçün nəzərdə tutulub.

C919 tamamilə Çində layihələndirilmiş ilk dar gövdəli reaktiv sərnişin təyyarəsidir. C919 ailəsinə daxil olan təyyarələr məşhur Boeing və Airbus modellərinin, ilk növbədə Airbus A320neo və Boeing 737 MAX təyyarələrinin birbaşa rəqibi hesab olunur.

C919 ailəsinin digər rəqiblərindən biri də Rusiyanın МС-21 təyyarəsidir. Lakin hazırda Çin proqramı Rusiya layihəsini xeyli qabaqlayır. C919 artıq sertifikatlaşdırılıb, seriya istehsalına buraxılıb və kommersiya reysləri həyata keçirir. МС-21 isə hələ də sınaq mərhələsindədir.

Almaz Həsənli