Minlərlə Audi işçisi zavodun ləğvinə qarşı üsyan etdi

Minlərlə Audi işçisi zavodun ləğvinə qarşı üsyan etdi

10:33
Bəyəndim (1) Bəyənmədim (0)

Minlərlə Audi əməkdaşı Almaniyanın Nekkarzulm şəhərindəki zavodun qarşısında etiraz aksiyası keçirib. İşçilər Volkswagen konserninin baş direktoru Oliver Blümenin daha əvvəl bəyan etdiyi müəssisənin bağlanmasına qarşı çıxıblar. Nekkarzulmdakı istehsal meydançası 2030-cu ildən sonra fəaliyyətini dayandıra biləcək dörd alman zavodundan biridir. Oxuməni az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İstehsalat şurasının məlumatına görə, aksiyada təxminən altı min nəfər iştirak edib. Toplaşanlar Volkswagen-dən dəqiq açıqlama tələb ediblər.

Rəqib şirkət olan BMW-dən gələn xəbər vəziyyəti daha da gərginləşdirib. Belə ki, BMW də minlərlə iş yerinin ixtisar ediləcəyini elan edib. Yüksək xərclər, Çin istehsalçılarının artan təzyiqi və ABŞ-ın idxal rüsumları Almaniyanın avtomobil sənayesini ağrılı restrukturizasiyaya getməyə məcbur edir.

İlin ikinci yarısında Volkswagen-in nüfuzlu həmkarlar ittifaqları ilə son dərəcə gərgin danışıqların başlayacağı gözlənilir. Bu danışıqlarda bütün konsern üzrə ixtisarların sayının iki dəfə artaraq 100 min nəfərə çatması məsələsi də müzakirə oluna bilər.

Audi A5, A6, A8 modellərinin və kiçik seriyalı elektrik avtomobili Audi e-tron GT-nin yığıldığı Nekkarzulm zavodu təxminən 15 min nəfəri işlə təmin edir. Müəssisənin istehsalat şurasının rəhbəri Aleksandr Raynhart qeyd edib ki, zavoda elektrik avtomobillərinin istehsalı üçün böyük bir sifarişin verilməsi onun gələcəyini möhkəmləndirə bilərdi.

Audi şirkətinin özü bir vaxtlar super gəlirli olan Çin bazarında satışların azalmasından əziyyət çəkir və ABŞ-da istehsal gücü çatışmazlığı ilə üzləşir ki, bu da şirkəti gömrük rüsumları qarşısında son dərəcə həssas edir.

Şəhərin meri Steffen Hertviq bildirib ki, zavodun bağlanması təkcə Nekkarzulm üçün deyil, daha geniş miqyasda zərbə olacaq. Söhbət Mercedes-Benz, Porsche və təchizatçı Bosch-un müəssisələrinin yerləşdiyi ənənəvi avtomobil regionu olan Baden-Vürtemberq torpağından gedir. "Bu, fəlakətlə nəticələnəcək", - deyə o, bütün regionda zəncirvari reaksiya barədə xəbərdarlıq edərək vurğulayıb.

Almaz Həsənli